...

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın gələcək inkişafına mane olur - ATƏT-in Bakı ofisinin rəhbəri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyun 2010 16:04 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın gələcək inkişafina mane olur və demokratiyanın inkişafı yolunda əngəldir. ATƏT-in Bakı ofisinin başçısı Əli Bilgə Cankorel belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın gələcək inkişafına mane olur - ATƏT-in Bakı ofisinin rəhbəri (ƏLAVƏ OLUNUB)

RED. əlav.: beşinci abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Y.Ostapenko/

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın gələcək inkişafina mane olur və demokratiyanın inkişafı yolunda əngəldir. ATƏT-in Bakı ofisinin başçısı Əli Bilgə Cankorel belə hesab edir.

"Dünyada elə bir ölkə yoxdur ki, orada tam demokratiya olsun. Amma hər bir dövlət daha böyük nailiyyətlərə can atır", - Cankorel Azərbaycan Prezidenti yanındakı Strateji Araşdırmalar Mərkəzində deyib.

SAM-da cümə axşamı "ATƏT-in Bakı ofisinin Azərbaycanda demokratik dəyərlərə dəstək verilməsində rolu" mövzusunda müzakirələr keçirilib.

"Azərbaycan həm ATƏT-in, həm də Avropa Şurasının üzvüdür və ölkənin seçdiyi inkişaf modeli bu təşkilatların modelidir, yəni demokratik modeldir", - Cankorel deyib.

Cankorel hər iki münaqişə tərəfinin - Azərbaycan və Ermənistanın danışıqlar prosesinə cəlb edildiyini, eləcə də Azərbaycanın konstruktiv mövqeyini qeyd edərək münaqişənin həll ediləcəyinə ümidvar olduğunu ifadə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Azərbaycanda ATƏT-in mandatı təşkilatın fəaliyyət sahəsinə daxil olan əməkdaşlığın bütün aspektlərini birləşdirir. Bunların arasında sabitlik və təhlükəsizliyin siyasi, iqtisadi və ekoloji aspektləri var. Səfirin sözlərinə görə, bu gün üçün təhlükəsizliyin əsas aspektlərindən biri hərbi müdafiə deyil, demokratiyanın irəliləməsidir.

Cankorel hesab edir ki, Azərbaycan insanların düşüncəsini və onların demokratik dəyərlərə münasibətini dəyişmək üçün hələ çox yol qət etməli olan gənc demokratik ölkədir.

"Ölkə beynəlxalq birlik tərəfindən nə qədər çox etimada malik olarsa, onun münaqişəni həll etmək şansı da bir o qədər çoxdur", - səfir bildirib.

Cankorel deyib ki, ATƏT-in Azərbaycan hökuməti, müxalifəti və qeyri-hökumət təşkilatları ilə işi nikbinlik üçün əsas verir. Çünki beynəlxalq təşkilatların tövsiyələri ölkədə ciddi qəbul olunur.

ATƏT-in Bakı ofisi 1999-cu ildən fəaliyyət göstərir. Respublika DİN ilə polislərin hazırlıq səviyyəsinin artırılması layihəsi, bərpa edilən enerji mənbələri layihəsi və iqtisadiyyatın şaxələndirilməsi proqramı (Ekologiya və İqtisadi İnkişaf nazirlikləriklə birgə), məhkəmələrin monitorinqi proqramı, eləcə də KİV-in işinin yaxşılaşdırılması üzrə proqram daha əhəmiyyətli layihələrdəndir.

Səfirin sözlərinə görə, məhkəmələrin monitorinqi proqramı çərçivəsində ATƏT əməkdaşları il ərzində 200 məhkəmə iclasında iştirak edir, onların keçirilməsini müşahidə edir və yekunu üzrə hesabat hazırlayırlar ki, burada da standarta uyğunluq səviyyəsi qeyd olunur.

Cankorel deyib ki, proqram praktiki əhəmiyyətə malikdir. Çünki hakim və müstəntiqə xəbərdarlıq edilən hallar olub.

Fəaliyyətin hüquqi aspektinə gəldikdə, ATƏT ixtisaslaşdırılmış hüquqi yardım üzrə də işlər həyata keçirir. Paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Lənkəran və Şəkidə də artıq belə mərkəzlər fəaliyyət göstərir.

Kütləvi informasiya vasitələri ilə işdə səfir bir neçə vacib istiqaməti göstərib:

- KİV-in işinin keyfiyyətinin artırılması;
- jurnalistlərin hüquqlarının pozulmasından müdafiəsi;
- telekanalların və müxtəlif nəşrlərin hökumətyönlü olmayan fikirlərə yer ayırmalarına kömək göstərilməsi.

Xəbər lenti

Xəbər lenti