Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə - 3 hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Komitənin nümayəndələri hərbi əsirlərdən ailələrinə çatdırmaq üçün 3 şifahi məlumat toplayıblar.
Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
Tərəflər arasında əldə olunan razılığa görə, martın 17-də Ağdam rayonunda BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.
Bir müddət öncə isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib.
Cenevrə konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.
Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.