...

Mətbuat Şurasında "Erməni təcavüzü: XX əsrdə və indi" mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2012 19:11 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurası "Kaspi" qəzeti ilə birgə "Erməni təcavüzü: XX əsrdə və indi" mövzusunda elmi-praktik konfrans keçirib.
Mətbuat Şurasında "Erməni təcavüzü: XX əsrdə və indi" mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bu gün Azərbaycan Mətbuat Şurası "Kaspi" qəzeti ilə birgə "Erməni təcavüzü: XX əsrdə və indi" mövzusunda elmi-praktik konfrans keçirib. Şuradan Trend-ə verilən məlumata görə, tədbirdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, tarixçi alimlər və ekspertlər iştirak ediblər.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli konfransı giriş sözü ilə açaraq bildirib ki, bəşəri cinayətlərdən sayılan Xocalı soyqırımının dünyada tanıdılması cəmiyyətimizin qarşısında duran ən ümdə vəzifələrdəndir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan "Xocalıya Ədalət" kampaniyasının uğurları bu işin daha mütəşəkkil hal aldığını göstərməkdədir. İki dövlətin - Pakistan və Meksikanın Xocalı faciəsinin dəhşətlərini soyqırım kimi tanıdığını vurğulayan Məmmədli bu prosesin davamının qayəsində dayanan hədəf və prinsiplərin təhlilini verib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında son iki əsrdə erməni qəsbkarlığı ilə müşayiət olunan hadisələrdən söhbət açıb. "XX əsrin ən ağır faciəsi kimi tarixə düşən Xocalı soyqırımı, eyni zamanda, insan hüquqlarının kobud şəkildə pozulmasının bariz nümunəsidir. Lakin əsrin ən dəhşətli faciəsinə beynəlxalq miqyasda hələ də lazımi qiymət verilməyib. Söz sənəti xadimlərimiz tarix boyu erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin beynəlxalq miqyasda tanınması istiqamətində şərəfli mübarizə yolu keçiblər. Rusiya imperiyasının tərkibində belə, öz qələmləri ilə mübarizə aparıblar. XIX əsrdən etibarən hadisələrə ideoloji müstəvidən yanaşıblar. Müasir dövrdə Topxana meşəsindəki erməni özbaşınalığından tutmuş digər qanlı qətllərədək hər bir nüans Azərbaycan mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılıb. Jurnalistlərimizin yazdıqları məqalələr və çəkdikləri videosüjetlər bunun bariz nümunədir", - o deyib.

Amaşov erməni təcavüzünün dünyaya tanıdılması sahəsində media təmsilçilərimizin qarşısında duran vəzifələrdən bəhs edərkən elmi-praktik konfransların bir çox məqamlara aydınlıq gətililməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib. Şura sədri MŞ-nin həyata keçirdiyi tematik tədbirlərin, müsabiqələrin də mövcud istiqamətdə aparılan işlərdən olduğunu bildirib.

AMEA-nın aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi "Soyqırım və və ictimai rəy" mövzusunda məruzə ilə çıxış edib. "Xocalı faciəsi 1905-ci ildən ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən hadisələrin bir halqasıdır. Tarix erməni cinayətkarlığının qanlı səhifəsini unutmamalıdır. Bunun üçün biz - sivil cəmiyyət əlimizdən gələn bütün vasitələrdən istifadə edərək bəşəriyyətə erməni vəhşiliklərinin, o cümlədən Xocalı həqiqətlərini çatdırmağa borcluyuq", - o bildirib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə "Soyqırım faktının sosial psixologiyamıza, təfəkkürümüzə təsiri" mövzusunda məruzə ilə çıxış edib: "Erməni işğalı yalnız torpaqlarımızın zəbti ilə səciyyələnmir, mənəviyyatımıza, psixologiyamıza təsir edir. Onlar cəzasız qaldıqlarından özbaşınalıqlarını tarixin bütün dövrlərində davam etdiriblər. Erməni vəhşiliklərinə, xalqımıza qarşı törətdikləri soyqırım siyasətinə beynəlxalq arenada layiqli qiymət verilməyib. Biz humanist xalqıq, lakin erməni faktoru bu humanistliyimizin önünə keçməməlidir".

"Bu gün bura ağrılı bir mövzu ətrafında yığışmışıq. Son bir ayda Azərbaycanın diaspor təşkilatları Xocalı faciəsi ilə bağlı dünyanın hər yerində kampaniyalar aparırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət" adlı kampaniyasına 1 milyondan çox insan qoşulub. Biz də öz növbəmizdə bu istiqamətdə işlər aparmalıyıq", - Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli deyib.

Səfərli KİV-ə Dövlət Dəstəyi Konsepsiyasında yer alan 19 istiqamətdən birinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib. Digər istiqamət isə qaçqın və məcburi köçkünlərinin problemlərinin mətbuatda işıqlandırılması ilə bağlıdır.

"KİVDF tərəfindən hər il bu mövzularda jurnalistlər arasında müsabiqələr keçirilir. Hər istiqamət üzrə təqribən 20-yə yaxın yazı təqdim olunur. Hesab edirəm ki, bu cür kampaniyalar mütəmadi aparılmalıdır", - o qeyd edib.

"İki sahil" qəzetinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə bildirib ki, Xocalıya ədalət tələbi hər bir azərbaycanlının borcudur. "Hər birimiz bu həqiqəti canımızla və qanımızla dünyaya çatdırmalıyıq. Bu ədalətsizlikdə dünyaya Azərbaycanın haqq səsini eşitdirməliyik. Belə bir konfransı reallaşdırdığına görə Azərbaycan Mətbuat Şurası və "Kaspi" qəzetinə təşəkkür edirəm", - baş redaktor əlavə edib.

"Bu soyqırımdan 2 milyondan çox insan əziyyət çəkir. Bu, bizim qan yaddaşımızdır. Ermənilər beşikdən qəbrə qədər azərbaycanlılara, türklərə qarşı təbliğat aparırlar. Biz də təbliğat prosesində aktiv olmalıyıq", - "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Ombudsman Aparatının mətbuat katibi Zemfira Məhərrəmli bildirib ki, belə aktual məsələnin müzakirəsi olduqca əhəmiyyətlidir. Dünya ictimaiyyəti Xocalı dəhşətlərinə obyektiv yanaşmalı, layiqi qiymətini verməlidir. Soyqırım aktının milli əlamətə görə baş verməsi xüsusilə qabardılmalı, ön plana çəkilməlidir. Mövcud istiqamətdə Azərbaycan mediasında MŞ və KİVDF tərəfindən keçirilən müsabiqələr olduqca əhəmiyyətlidir.

Məhərrəmli mənsub olduğu qurumun Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar qəbul etdiyi bəyanat haqqında da məlumat verib.

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yuisif Kərimov çıxışında Xocalı aeroportunun hədəf götürülməsi ilə bağlı məqamları dilə gətirib. O, bu sözləri ilə media nümayəndələrinin diqqətini erməni qəsbkarlarının oranı strateji obyektə çevirmə təhlükəsinə yönəldib.

Daha sonra çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu isə bildirib ki, xalqımıza qarşı törədilən cinayətlərin aşkara çıxarılmasında həmrəylik və təbliğat prosesləri vəhdət təşkil etməli, sistematik xarakter daşımalıdır. O, tarixə ekskursiya edərək bildirib ki, ötən əsrin əvvəllərində erməni təcavüzü "Kaspi" qəzetindən də yan keçməyib. Dövrün ziyalıları "Difai" təşkilatının timsalında birlik nümayiş etdirərək xalqımızın təcavüzə qarşı mübarizəsində həmrəylik nümunəsi göstəriblər.

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Hacıyev isə çox maraqlı bir faktı qeyd edib. O bildirib ki, erməni tarixçisi Davud Xeyriyanın kitabında Xocalıda baş verən qanlı hadisələr zamanı qətlə yetirilənlərin sayı ilə bağlı faktlar qeyd olunub. Həmin kitabda Xocalı faciəsi zamanı 3813 nəfərin qətlə yetirildiyi öz əksini tapıb. "Kitabda dəhşət saçan bir məqam da var. Qeyd olunur ki, erməni xüsusi dəstəsi qətlə yetirdikləri azərbaycanlıların 1200 nəfərinin cəsədindən qarşı tərəfə keçid məqsədilə körpü düzəldiblər. Mətbuatımızda isə ümumilikdə 613 nəfərin qətlə yetirildiyi vurğulanır. Məncə, bu məqam barədə düşünməyə dəyər", - o deyib.

Xəbər lenti

Xəbər lenti