...

Mübariz Əhmədoğlu: Azərbaycanlıların Dağlıq Qarabağa qayıtması Ermənistan iqtisadiyyatını xilas edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2012 12:04 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verilən bəyanatların və onların əhatə etdiyi mövzuların sayı artıb.
Mübariz Əhmədoğlu: Azərbaycanlıların Dağlıq Qarabağa qayıtması Ermənistan iqtisadiyyatını xilas edə bilər

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verilən bəyanatların və onların əhatə etdiyi mövzuların sayı artıb. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Bəzi ideyalar ortalığa qoyulsa da, dərhal unudulur. Brüsseldə DQ münaqişəsinin tənzimlənməsində "ağıllı kompromis"dən danışan Ermənistan Prezidenti Serj Sarkisyan cəmi bir neçə gündən sonra "ağıllı kompromis" terminini unutdu", - o bildirib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağda yaşamış azərbaycanlılarla orada yaşayan ermənilərin dialoqunun qurulması istiqamətində ideyalar dəstək tapmağa başlayıb.

"Dağlıq Qarabağın faktiki rəhbərlərinin siyasi müzakirələr aparılmadan Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarının dialoqunun qurulmasına, azərbaycanlıların məzarlıqlar və bu sıradan olan digər abidələri ziyarət etməsinə razılaşması ilə bağlı müəyyən məlumatlar dövriyyəyə buraxılıb. Dağlıq Qarabağın faktiki rəhbərliyi orada yaşamış azərbaycanlıların öz yerlərinə qayıtmasına sözdə razılıqlarını bildiriblər. Bunun üçün həmin azərbaycanlılar Dağlıq Qarabağ "vətəndaşlığını" qəbul etməlidir. Ermənilərin yalan uydurub, sonradan öz yalanlarının əsirinə çevrilməsi köhnə adətləridir. Elə belə adətlərinə görə də nəinki Dağlıq Qarabağda, hətta Ermənistanda dövlət qura bilmədilər, dünya erməniliyi gücünü itirir", - Əhmədoğlu bildirib.

Politoloq hesab edir ki, ona görə də səslənmiş fikirlərə Dağlıq Qarabağı erməniləri ilə azərbaycanlıları arasında dialoqun qurulmasına informasiya təminatı kimi baxmaq daha düzgündür.

"Dağlıq Qarabağın dialoq məkanına çevrilməsi, ilk növbədə, ermənilər üçün faydalıdır. 20 il Qarabağsızlığa dözmüş Azərbaycan 1-2 il də dözə bilər. Ermənistan Dağlıq Qarabağı işğal etməklə özü üçün bədbəxtliklər sandığının ağzını açdı. Ermənistan xarici borclarına qulluq üçün ildə 400 milyon dollar pul xərcləməlidir. Gələn ildən Rusiyanın qazın qiymətini qaldırması Ermənistan büdcəsi üçün 200 milyon dollar əlavə xərc deməkdir. Ermənistan büdcəsinin digər xərclərini nəzərə almasaq belə, ildə 600 milyon dollar əlavə xərc Ermənistanın 2 milyard dollarlıq büdcəsini çökdürəcəkdir", - o deyib.

Əhmədoğlunun fikrincə, Avropa İttifaqının Ermənistana 1,5 milyard avro kredit ayırmaqdan imtina etməsinin səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində tərəqqinin olmamasıdır.

"İndi Ermənistan kredit üçün Rusiyaya yalvarır, 800 milyon dollar kredit götürmək istəyir. Ermənistanın kredit ehtiyacı 800 milyon dollardır. Aİ-dən 1,5 milyard avro kredit götürən Ermənistan 800 milyon dollardan artıq hissəsini Ermənistan ərazisindəki Rusiyanın iqtisadi obyektlərini geri qaytarmağa xərcləyəcəkdi. Rusiya bunu başa düşüb və indi böyük sürətlə Ermənistan iqtisadiyyatının digər sahələrini də öz əlinə keçirmək istəyir.
4,5 milyard dollar dövlət borcu olan Ermənistanın aldığı yeni borc onu yalnız bir il sevindirə bilər. Sonra yenə də borc dilənməyə məcbur olacaqdır. Ermənistanın iqtisadiyyatı üçün investisiya lazımdır", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana heç kim investisiya qoymayacaqdır, bu, çox risklidir. Ermənistana investisiyanın gəlməsi üçün Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır; Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində reall addımlar başlanmalıdır.

"Bunun üçün ermənilər qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar. İlk növbədə, erməni qoşunlarının Kəlbəcər və Laçından çıxması lazımdır. Dağlıq Qarabağ erməniləri ilə azərbaycanlıların görüşməsi, Dağlıq Qarabağın dialoq ərazisinə çevrilməsi, Dağlıq Qarabağ ərazisində Azərbaycan və Ermənistan iş adamlarının görüşü Azərbaycanın Ermənistana invesitisiyası üçün yol aça bilər. Azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasına təminatlı şərait yaradılmalıdır. Ermənistana gedən investisiyaların yolu buradan keçir", - Əhmədoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti