...

Mübariz Əhmədoğlu: "Ermənilər Azərbaycanın tərkibində yaşaya bilməzlər" cəfəngiyatı davam etdirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2012 12:17 (UTC +04:00)
Son vaxtlar Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyünə dair erməni rəhbərlərin səsləndirdikləri fikirlərin sayı xeyli artıb.
Mübariz Əhmədoğlu: "Ermənilər Azərbaycanın tərkibində yaşaya bilməzlər" cəfəngiyatı davam etdirilir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Son vaxtlar Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyünə dair erməni rəhbərlərin səsləndirdikləri fikirlərin sayı xeyli artıb. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeləri dalana dirənəndə, münaqişəsinin tənzimlənməsində maraqlı olmadıqlarını nümayiş etdirməmək üçün əlavə arqument tapa bilməyən ermənilər bu tezisdən istifadə edirlər.

Onun sözlərinə görə, "Ermənilər Azərbaycanın tərkibində yaşaya bilməzlər" tezisi prezident Serj Sarkisyanın, xarici işlər naziri Edvard Nalbandyanın dilindən bir neçə dəfə səslənib.

"Ermənistan parlamentinin Azərbaycan zabiti Ramil Səfərovla bağlı qəbul etdiyi qərarın üçüncü maddəsində bu tezis təsbit edilib. Eks-prezident Robert Köçəryanın da dövründə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ermənilərin mövqeyi dalana dirənəndə, o, "ermənilərlə azərbaycanlıların uyuşmazlığı" tezisini ortaya qoydu", - politoloq deyib.

Əhmədoğlu bildirib ki, ermənilər təkcə türklər və azərbaycanlılarla deyil, həm də bir-biri ilə də uyuşmurlar.

"Ermənilərin öz vətənləri olan Ermənistanı tərk etmələri bir yana, İraqdan və Suriyadan gələn ermənilərə Ermənistanda göstərilən münasibətin tədqiqi də bunu göstərir. İraqdan və Suriyadan gələn erməniləri Ermənistanda "ərəb", "türk", "müsəlman", "terrorçu" və s. deyə təhqir edirlər. Ermənistanın monoetnikliyi ermənilərin qalan millətlərlə necə uyuşmasının ən bariz əlamətidir", - politoloq vurğulayıb.

Onun sözlərinə görə, monoetnik, monokonfessional Ermənistanın polietnik, polikonfessional Azərbaycana irad bildirməsi adi hala çevrilib.

Əhmədoğlu bildirib ki, Robert Köçəryandan öncə Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, erməni akademik Abel Aqanbekyan Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində qalmasının zərərliliyini əsaslandırıb. Aqanbekyan bu əsaslandırmanı 1987-ci ilin sonlarında Fransanın "Humanite" qəzetində aparmışdı. Dağlıq Qarabağ münaqişəsi rəsmən 1988-ci ilin fevralında başladı, "İlk qan" da o zaman töküldü: ermənilər iki azərbaycanlı gənci öldürdülər.

Politoloq deyib ki, "Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyü" tezisini ortalığa qoymazdan əvvəl ermənilərin 6 milyard dollar ehtiyat valyutası var idi. "Möhkəm milli birliyi olan erməniləri bütün dünya güclü himayə edirdi. İndi dağınıq vəziyyətdə olan ermənilərin dünyada nüfuzu zəifləyir. Həm də Ermənistanın dövlət və qeyri-dövlət borcunun miqdarı 7,5 milyard dollardır. Belə Ermənistan yenə borc axtarır", - Əhmədoğlu deyib.

O vurğulayıb ki, erməni başbilənlərin səsləndirdikləri "Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamasının qeyri-mümkünlüyü" tezisinin yaşı Dağlıq Qarabağ münaqişəsinin yaşından çoxdur və bu tezis Dağlıq Qarabağ münaqişəsində tökülən ilk qanın atasıdır. Erməni başbilənlərinin bu tezisi yaşatması onların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hazır olmamasının göstəricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti