...

Azərbaycanlı deputat türk dünyasına müraciət etdi (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2013 11:36 (UTC +04:00)
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq problemidir.
Azərbaycanlı deputat türk dünyasına müraciət etdi (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq problemidir.

Milli Məclisin üzvü Qənirə Paşayevanın Trend-ə verdiyi məlumata görə, o, bunu Türkiyənin Giresun Universitetində Şuşanın Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Tədbiri açan Giresun Universitetinin rektoru Aygün Attar Şuşanın dünyada yaşayan bütün azərbaycanlıların, türklərin "Mədəniyyət evi" olduğunu bildirib.

Tədbirdə çıxış edən Qənirə Paşayeva qeyd edib ki, hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Onun fikrincə, dünya ictimaiyyəti işğalçıların tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv etmələrinə göz yumur.

"Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır. Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik".

O bildirib ki, Şuşanın 21 ildən bəri Ermənistanın işğalı altında qalması sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının ortaq məsələsidir: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını almaları üçün çalışmalıdır. Çünki Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi tək Azərbaycanın deyil, bütün türk dünyasının problemidir."

Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Onun fikrincə, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq, hər bir türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşür.

Paşayeva türk gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, dosent Pərvanə Məmmədli, Qayğı və Himayə Fondunun prezidenti Gülayə Rzayeva çıxış edərək Şuşanın Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı Türkiyədə təşkil edilən tədbirin əhəmiyyətindən danışıblar. Bundan əlavə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı "Azərbaycan həqiqətləri" adlı filmlər toplusu və "Ruhum Qarabağlıdır" filmləri, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Hocalı Soykırımı: tanıkların dili ile" və "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" filmi təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti