Azərbaycan, Bakı, 12 may /Trend/
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi sazişinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar.
Trend-in məlumatına görə, bəyanatda deyilir: "Bu saziş əsl müharibəyə son qoydu, sonrakı illərdə faciəli zorakılıqları dayandırdı və tərəflərə sülh təklif edən danışıqların əsasını qoydu.
Əldə olunan barışıq sayəsində ermənilərin və azərbaycanlıların yeni nəsilləri müharibənin dəhşətlərini bilmədən böyüdülər. Tərəflər gələcək nəsli belə təcrübədən qorumaq üçün mümkün olan hər şeyi etməlidirlər".
Sənəddə qeyd olunur ki, lakin atəşkəs haqqında saziş Dağlıq Qarabağ münaqişəsini həll etmir: "Saziş Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal altında saxladı. Yekun nizamlanmanın yoxluğu yüz minlərlə insanın davam edən köçkünlüyünə, beynəlxalq sərhəd və təmas xətti boyunca zorakılığın eskalasiyasının daimi təhlükəsinin mövcudluğuna və bəzi dairələrdə status-kvonun sonsuz olaraq saxlana biləcəyi kimi yanlış fikirə gətirib çıxardı".
Bəyanatda qeyd edildiyi kimi, tərəflər həmsədr ölkələrin təklif etdikləri imkanlardan yararlanmağa və ya bu sülh prosesində irəliləyiş üçün zəruri olan siyasi qərarlar qəbul etməyə böyük maraq göstərmirlər.
Bəyanatda bildirilir: "Biz bu münaqişəyə dair ümumi mövqeyimizi bölüşürük və əvvəlki kimi, tərəflərə Helsinki Yekun Aktının xüsusilə güc tətbiq edilməməsi, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratını təyin etmək hüququnun aid olduğu əsas prinsipləri və BMT Nizamnaməsi əsasında qısa müddətə sülhə nail olunmasında yardım etməyə möhkəm sadiqik".
Bəyanata əsasən, nizamlama prosesinə Dağlıq Qarabağın ətrafındakı ərazilərin qaytarılmasını, Dağlıq Qarabağ üçün təhlükəsizliyə və özünü idarəetməyə zəmanət verən aralıq statusu, Dağlıq Qarabağla Ermənistanı bağlayan dəhlizi, gələcəkdə hüquqi qüvvəyə malik olan öz iradəsini ifadə etmək yolu ilə müəyyən ediləcək Dağlıq Qarabağın son statusunu, bütün məcburi köçkünlərin və qaçqınların öz torpaqlarına qayıtmaq hüququ və beynəlxalq təhlükəsizlik zəmanətini, həmçinin sülhyaratma əməliyyatını nəzərdə tutan həmsədr ölkələrin prezidentlərinin 2009-cu ildən 2013-cü ilədək olan dövrdə verdikləri bəyanatlarda ifadə edilmiş elementlər daxildir.
ATƏT-in bəyanatında deyilir: "Noyabrda biz ən yüksək səviyyədə dialoqun bərpasını gördük. Biz tərəfləri münaqişənin nizamlanmasına nail olmaq üçün bu elementlərə əsaslanan sülh sazişinə gətirib çıxaracaq konstruktiv danışıqlara başlamağa çağırırıq. Belə nizamlama Ermənistan və Azərbaycan xalqları arasında etimad və qarşılıqlı anlaşma olmadan mümkün deyil. Ermənilər və azərbaycanlılar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər və biz onlara kömək etməyə hazırıq. Tərəflər sülhün təmin olunması üçün zəruri tədbirlər görməlidirlər. Nə vaxt ki, onlar bunu edəcəklər, bu, ATƏT-in və beynəlxalq birliyin tam dəstəyi ilə olacaq".