...

Politoloq: Azərbaycanlı qaçqınların Ermənistana, Azərbaycanı tərk etmiş ermənilərin isə Azərbaycana qayıtması problem olmamalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2014 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Ermənilər üçün Bakının inzibati sərhədləri içərisində cənub və şimal istiqamətlərində indiki kommunikasiyanın imkan verdiyi bir saatlıq məsafədə ərazi tapmaq mümkündür. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin təqdim etdiyi "amerikan variantı" Dağlıq Qarabağ müzakirələrində aktivlik yaradıb. Azərbaycanda bu aktivlik nisbətən zəif hiss olunur və ictimai-siyasi mühitdən kənara çıxmayıb. Ermənistan isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində son vaxtlar yaranmış vəziyyətə çox kəskin reaksiya verib, eləcə də dünya erməniliyi və onların tərəfdarları müzakirələrə aktiv qoşulublar.

Onun fikrincə, Ermənistanda gedən müzakirələrdə bir istiqamət xüsusi diqqət çəkir: "Guya həmsədrlər, eləcə də beynəlxalq ictimaiyyət Azərbaycandan qovulan erməniləri unudub, onları geri qaytarmaq barəsində düşünmür. Ermənistandakı bu yeni istiqamət Azərbaycan üçün gözlənilməz deyil. Azərbaycanda Dağlıq Qarabağdan başlanan müharibənin adı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bizim rəsmi konsepsiyamıza görə, 1987-ci ildən başlanan Qarabağ münaqişəsinin ən azı iki müstəvisi və ya iki təbəqəsi mövcuddur. Bunlardan biri Ermənistanla Azərbaycanın arasında tarixən baş verənlər, digəri isə Dağlıq Qarabağın Ermənistan və onun havadarları tərəfindən işğalıdır. Eləcə də Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantının tərəfdarıdır. Ermənistan bu münaqişəyə Dağlıq Qarabağ münaqişəsi kimi yanaşır, yanaşma variantı isə paket həll variantıdır. Əgər ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini tərkib hissələrinə bölüb, ayrıca götürülmüş bir hissəsini, tutaq ki, iki ölkə arasındakı qaçqınların problemini həll etmək istəyirsə, buna Azərbaycanda etiraz edənlər çətin ki, tapılsın. Ermənistandan qovulmuş azərbaycanlıların böyük əksəriyyəti kompakt şəkildə Azərbaycanın ərazisində yaşayır. Onlar kompakt şəkildə qovulduğu ərazilərə qayıdıb yaşaya bilərlər. Azərbaycanı tərk etmiş ermənilərin isə təxminən 80 mini hazırda Ermənistanda yaşayır. Qalanı isə əsasən Rusiya ərazisində yaşayır. Azərbaycan ərazisini tərk etmiş ermənilərin Azərbaycana qayıtması rəsmi Yerevanı aktiv işə vadar etməlidir".

M.Əhmədoğlu qeyd edib ki, ermənilərin Bakıya qayıdıb əvvəlki evlərini tələb etməsi isə mümkün deyil: "Çünki münaqişə başqa münaqişə ilə əvəzlənməməli, həll olunmalıdır. Vaxtilə "Ermənikənd" deyilən ərazidə indi yeni binalar tikilib və əhali yaşayır. Lakin çıxış yolu tapmaq mümkündür. Ermənilər Bakıda "Ermənikənd"i salarkən özləri o dövrün kommunikasiyasının sürəti ilə Bakının mərkəzindən təxminən bir saatlıq uzaqlıqda olan ərazini seçmişdilər. İndi ermənilər üçün Bakının inzibati sərhədləri içərisində cənub və şimal istiqamətlərində indiki kommunikasiyanın imkan verdiyi bir saatlıq məsafədə ərazi tapmaq mümkündür. Azərbaycan və ya beynəlxalq maliyyə qurumları ermənilərin orada məskunlaşması üçün lazım olan binaların tikilməsinə vəsait ayıra bilərlər. Ermənilər bu məsələni həll etmək fikrindədirlərsə, Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistana qaytarılması istiqamətində aktivliklərini artırmalıdırlar. Azərbaycanlıların kütləvi surətdə Ermənistandan qovulması 1987-ci ilin dekabr ayının 25-də Ermənistan SSR-in Quqark rayonundan başlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti