...

Mübariz Əhmədoğlu: Fransanın Dağlıq Qarabağ məsələsinə münasibətində mahiyyəti anlaşılmayan aktivliyi Ollandın təşəbbüsünü ümidsiz edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Oktyabr 2014 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Qısa müddət ərzində beş qrup Fransa parlamentariləri Ermənistana gəlib və oradan da Dağlıq Qarabağa gediblər. Ermənistana gələn bütün fransız siyasətçilər Dağlıq Qarabağın "müstəqilliyi", "demokratikliyi", "baş tutmuş dövlət olması" barədə bəyanatlar veriblər. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, Fransa parlamentarilərinin Dağlıq Qarabağa səfər etmələrini və belə bəyanat vermələrini iki parametr anlaşılmaz edir: "Birincisi, Fransa Prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etmək niyyətindədir. Onun regiona səfəri zamanı irəli sürdüyü təşəbbüs diqqətdən yayındırılsa da, sonradan geosiyasi maraqları ucbatından yenidən bu təşəbbüsü diriltdilər. F.Ollandın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü neytrallaşdıran Ermənistan-ABŞ cütlüyü oldu. Çünki regionda olarkən Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı F.Ollandın verdiyi bəyanatlar Ermənistanı qane etmədi. Rəsmi Paris "erməni soyqırımı" məsələsində Ermənistana, Dağlıq Qarabağ tənzimlənməsində isə Azərbaycana dəstək kursunu götürüb".

M.Əhmədoğlu vurğulayıb ki, F.Olland Dağlıq Qarabağ tənzimlənməsində ermənilərin tapdığı həlli düzgün həll hesab etmir və düzgün həlli tapmağı məsləhət bilir: "Bu barədə o, Ermənistanda olarkən açıq mətnlə bildirdi. Eləcə də F.Olland Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanı da qoşmaq istəyirdi. Kommunikasiya məsələsinə görə Gürcüstan Ermənistan üçün ən həyati vacib dövlətdir. Ollandın təşəbbüsü ilə prezidentlərin görüşünün hətta vaxtı bəlli olduğu zamanda Fransa parlamentarilərinin rəsmi Parisin bəlli mövqeyinin əleyhinə getməsi Fransa dövlətçiliyinin güclü olmadığının əlamətidir. Heç bir seçki və ya siyasi kompaniya naminə parlamentarilər rəsmi mövqenin bu qədər əleyhinə getməməlidir. İkinci parametr Ermənistan və Dağlıq Qarabağda "müstəqillik ildönümləri"ndən sonra bu aktivliyin baş verməsidir. Fransız parlamentarilər 2 sentyabr ətrafında və ya 23 sentyabrdan əvvəl səfər edib bu tədbirlərdə iştirak etsəydilər, səfərlərin mahiyyətini müəyyən qədər anlamaq olardı".

Politoloq qeyd edib ki, Fransa parlamentarilərinin aktivləşən səfərində erməniləri, xüsusən Dağlıq Qarabağ ermənilərini ağıllandırmaq istiqamətində səyləri istisna edilmir: "Mətbuatda fransız parlamentarilərin adından verilmiş bəyanatların məsuliyyətini də erməni mətbuatının boynuna qoymaq olar. Amma 5 nümayəndə heyətinin səfəri ərzində Fransanın Ermənistandakı səfirliyi bir dəfə də olsun Fransa parlamentariləri adından erməni mətbuatında yayılan bəyanatların təkzibi verilməyib. Əksinə,Fransa parlament üzvü fransız şəhərlərindən biri ilə Şuşa şəhəri arasında əməkdaşlıq haqda müqavilə imzaladı".

M.Əhmədoğlu hesab edir ki, Dağlıq Qarabağa gedən fransız parlamentarilərin, eləcə də ümumilikdə Ermənistana gələn fransız Parlamentarilərinin fəaliyyətini Fransanın Ermənistandakı səfiri Anri Reno tərəfindən koordinasiya olunur: "O fransalı qonaqların Ermənistandakı bütün görüşlərində iştirak edib. A.Reno fransız parlamentarilərin Cavaxetiya (Gürcüstan) ərazisindəki ermənilərlə görüşünü təşkil etdi. Bu, istər-istəməz Gürcüstan ərazisindəki erməni separatçıları ruhlandıran faktordur. Dağlıq Qarabağa gedən fransalılar A.Renonun icazəsilə gediblər. Qayıdanda da ilk təəssüratlarını A.Reno ilə bölüşürlər. Fransanın prezidenti F.Ollandın Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti barədə yuxarıda bildirdik. Ən azı F.Olland Dağlıq Qarabağın müstəqilliyinin tərəfdarı deyil. Fransa Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın coğrafi ortasında yerləşən ərazisidir. Fransanın Azərbaycandakı səfiri Paskal Monye lap yaxınlarda bir daha bildirdi ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edir".

Politoloq əlavə edib ki, Fransa parlamenti Azərbaycan-Fransa və Ermənistan-Fransa parlamentlərarası dostluq qruplarının görüşü təşəbbüsü ilə çıxış etdi.

M.Əhmədoğlu bildirib ki, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupu və şəxsən onun sədri bu təklifi qəbul etdi: "Ermənistan tərəfi qəbul etmədi. Belə olan halda Fransanın Ermənistandakı səfiri A.Renonun öz prezidentinin, Xarici İşlər Nazirliyinin rəsmi mövqelərinin əleyhinə getməsini başa düşmək olmur. Prezident F.Ollandın arvadları ilə münasibəti onun ölkə daxilində nüfuzunu zəiflədib. Vicdanlı və ölkəsinə sadiq diplomat belə vəziyyətdə öz prezidentinin təşəbbüsünün sabotajı ilə məşğul olmamalıdır. A.Renonun korporativ maraqlarını da istisna etmirik. Amma "Carrefour" ticarət şəbəkəsinin Ermənistandakı fəaliyyətinin qurulması istiqamətində də heç bir irəliləyiş yoxdur. Proseslər yenidən dayandı. A.Renonun korporativ maraqları görünür Fransadakı ermənilər tərəfindən ödənilir. Fransa erməniləri içərisində dini-kriminal trend indi daha üstündür. A.Reno Fransa ermənilərinin Ermənistanla ticari-iqtisadi əlaqələrini qurmaqla həm özünə, həm də ölkəsinə daha böyük fayda verə bilərdi. 500 minlik erməni icmasının yaşadığı Fransa ilə Ermənistan arasındakı mal dövriyyəsi 80 milyon avro radələrindədir. A.Reno dövlətin mövqeyini hərraca qoyub qazanmaq əvəzinə ticarətdən gəlir əldə edə bilər".

Politoloq deyib ki, Fransa Xarici İşlər Nazirliyi baş verənlərə heç bir münasibət bildirməyib: "Erməni soyqırımı" kontekstindən Fransa -Türkiyə münasibətlərini ibrətli hesab etmək olar.Azərbaycan tərəfi Fransa ilə bütün əlaqələrinə yenidən baxa bilər. Fransa parlamentarilərinin və diplomatlarının davranışı Fransa prezidenti F.Ollandın təşəbbüsü ilə Dağlıq Qarabağ tənzimlənməsi üzrə Azərbaycan və Ermənistan görüşünün nəticəsizliyinin əlamətləridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti