...

İşğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsi əmri doğrudurmu?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2015 17:26 (UTC +04:00)
Artıq bir neçə gündür ki, sosial şəbəkələrin Azərbaycan və Ermənistan seqmentində ən çox müzakirə olunan məsələ "İşğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsi əmri" barədə xəbərdir.
İşğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsi əmri doğrudurmu?

Artıq bir neçə gündür ki, sosial şəbəkələrin Azərbaycan və Ermənistan seqmentində ən çox müzakirə olunan məsələ "İşğal olunmuş ərazilərin Azərbaycana təhvil verilməsi əmri" barədə xəbərdir.

Yerevandakı "Üçüncü Qüvvə Plyus" qəzetinin baş redaktoru Vahram Ağacanyan yazıb ki, Xankəndidəki hakimiyyət Moskvadan, habelə Yerevandan birbaşa əmr alıb ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir. Baş redaktorun yazdığına görə, Xankəndidəki rejim 6 milyard drama yaxın vəsaiti mənimsəyib. Ermənistanın Mərkəzi Bankı da bununla bağlı araşdırmalara başlayıb, bir neçə yüksək çinli məmur həbs olunub.

"Dağlıq Qarabağda dolaşan və gündən-günə güclənən, artıq şübhə doğurmayan şayiələrə görə, Xankəndidəki hakimiyyət Moskvadan, habelə Yerevandan birbaşa əmr alıb. Əmrdə göstərilir ki, əraziləri Azərbaycana təhvil vermək üçün hazırlamaq gərəkdir. Bunun üçün Dağlıq Qarabağda gələcəkdə mümkün ola biləcək müqavimət ocaqları indidən zərərsizləşdirilir və köhnə bolşevik metodu ilə yerli sakinlər klassik yoxsulluq, səfalət həddinə çatdırılır. Çünki yoxsul, çörək axtaran insanı siyasət maraqlandırmır. Belə adamı istənilən qərarla razılaşmağa vadar etmək olar. Digər məqsəd isə Ermənistanla Dağlıq Qarabağ arasındakı münasibətlərin pisləşməsidir. Unutmayaq ki, Dağlıq Qarabağı bütünlüklə Ermənistan maliyyələşdirir. Şayiələrin nə dərəcədə həqiqət olduğunu demək çətindir. Axı Serj Sarkisyanın başçılıq etdiyi Ermənistanda problemlərin hətta ən yüngül formada müzakirəsi "arzuolunan" deyil", - deyə V.Ağacanyan yazıb.

Erməni jurnalistin yazdıqları nə dərəcədə realdır? Bu barədə Milli.Az Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyevin fikirlərini öyrənib.

Şayiələr yayılırsa, deməli...

Arzu Nağıyev hesab edir ki, hansısa qəzetin baş redaktorunun danışması o demək deyil ki, Ermənistan bu dəqiqə işğal olunmuş əraziləri Azərbaycana qaytaracaq. O, istər Yerevanda, istərsə də işğal altında olan Dağlıq Qarabağda iqtisadi və siyasi vəziyyətin o qədər də ürəkaçan olmadığını xatırladıb və bildirib ki, Sarkisyan və onun ətrafındakı qüvvələr məhz Dağlıq Qarabağ problemi üzərindən keçərək gəlib dövlətin başında oturublar. Onların asanlıqla Dağlıq Qarabağı vermələri və siyasətdən getmələri problemli məsələdir.

"Şayiələr yayılırsa, bu məsələlər ortaya düşübsə, artıq bunların arasında müəyyən narazılıqlar başlayır. Eyni zamanda, 6 milyard drama yaxın vəsaitin mənimsənilməsi söhbəti ortaya çıxıb. Burada Dağlıq Qarabağa qoyulan investisiyalardan söhbət gedir. Əgər bu qədər investisiya qoyulubsa, onların görünən tərəfi yoxdursa, məmurlar cavab verməlidir. Məhz buna görə də həbslər başlanılıb", - A.Nağıyev qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas məğzin ərazi bütövlüyü olduğunu deyən ekspert həmin məsələnin Madrid prinsiplərində əks oldunduğunu xatırladıb.

"İstər sülh yolu ilə, istər müharibə yolu ilə olsun, ərazi bütövlüyü şərtdir. Əvvəlcə Dağlıq Qarabağ ətrafındakı ərazilərin boşaldılması, ondan sonra qaçqınların geri qaytarılması, Dağlıq Qarabağın statusu məsələsi və müxtəlif məsələlər planlı şəkildə həyata keçirilməlidir. Bütün bunları Ermənistan rəhbəliyi inkar elədiyinə görə, dırnaqarası yanaşdığına görə və özlərini ərköyün uşaq kimi apardıqlarına görə onlara güc də nümayiş etdirmək lazımdır. Bu gün erməni qəsbkarlarını sülh masası arxasında oturtmaq üçün güc nümayiş etdirmək lazımdır. Bunlar artıq görür ki, Azərbaycan ordusu qana qan, itkiyə itki ilə cavab vermək iqtidarındadır. Buna görə də artıq düşünməyə başlayıblar", - A.Nağıyev vurğulayıb.

O, müharibə və iqtisadi tənəzzül nəticəsində Dağlıq Qarabağın erməni əhalisinin də yoxsulluq dərəcəsinə çatdığını deyib.

Çörək tapmayanları siyasət maraqlandırmır

"Orada hətta çörək də tapılmır. Çörək tapmayan insanları siyasət necə maraqlandıra bilər ki? Onlar tənəzzülə uğramış Ermənistanın tərkibində olmaqdansa, Azərbaycanın tərkibində olmağı istərdilər. Rusiyanın özündə iqtisadi vəziyyətin ağırlığı Ermənistana iqtisadi yardımların edilməsini çətinləşdirir, heçə endirir. Məhz bu baxımdan da, "Üçüncü Qüvvə Plyus" qəzetinin baş redaktoru Vahram Ağacanyanın dediyi həqiqət ola bilər. Belə bir vəziyyət yarandığına görə, Dağlıq Qarabağın erməni əhalisi özlərini Azərbaycanın tərkibində görmək istəyirlər", - ekspert bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti