...

Erməni işğalı nəticəsində Azərbaycanın itkilərinin qiymətləndirilməsi metodologiyası müzakirə edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Yanvar 2016 17:01 (UTC +04:00)
Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr olunan elmi seminar keçirilib.
Erməni işğalı nəticəsində Azərbaycanın itkilərinin qiymətləndirilməsi metodologiyası müzakirə edilib (FOTO)

Bakı. Trend:

Yanvarın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə tətbiq olunan metodologiyanın müzakirəsinə həsr olunan elmi seminar keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə "İşçi Qrupu"nun üzvləri, millət vəkilləri, rektorlar, əlaqədar nazirlik və komitələrin nümayəndələri, eləcə də UNEC-in professor-müəllim heyətinin iştirak etdiyi seminar Azərbaycanın məruz qaldığı itki və tələfatları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayaraq, Azərbaycan-Ermənistan münaqişəsi zamanı ölkəmizin verdiyi maddi-mənəvi itkilərdən danışıb. Erməni təcaüzünün Azərbaycana vurduğu mənəvi itkilərin hesablanmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.

Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyası İdarə Heyətinin sədri, "İşçi Qrupu"nun rəhbəri, millət vəkili, UNEC-in professoru Xanhüseyn Kazımlı "Faciələrimizin təqvimi üzrə itki və tələfatlarımızın qiymətləndirilməsi üzrə metodologiyaların şərhi" mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, beynəlxalq tədbirlərdə "Münaqişə, müharibə və terror nəticəsində itki və tələfatların dəyərinin hesablanması üzrə vahid metodologiyanın Azərbaycan tərəfindən hazırlanması təklif olunub. Əldə olunan razılaşmalara əsasən, qurum üzvlərinin irəli sürdükləri "əlavə və dəyişikliklər nəzərə alınmaqla həmin metodologiyanı əks etdirən "standart" qəbul edilib.

"İşçi Qrupu" öz fəaliyyətində mövcud qiymətləndirmə təcrübəsinə və standartlarına, eləcə də xarici ölkələrdən dəvət olunan ekspertlərin rəylərinə istinad edərək yekun nəticəyə gəlib. Əldə olunan nəticə Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında ABŞ dolları ilə ifadə olunub.

Seminarda Tarixi və Mədəniyyət abidələri üzrə İctimai Birliyin sədri Faiq İsmayılovun və işçi qrupunun üzvü Mirzəli Fətəliyevin çıxışları dinlənilib. Onlar qiymətləndirmənin kəmiyyət göstəriciləri ilə yanaşı aparılması metodologiyası barədə ətraflı məlumat veriblər.

Seminar müzakirələrlə davam edib. Məsələnin beynəlxalq təşkilatlarda da müzakirəsi, erməni təcavüzü nəticəsində ölkəmizə dəyən maddi və mənəvi zərərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması məqsədi ilə işçi qrupunun tərkibində beynəlxalq təşkilatların nümayəndələrinin təmsil edilməsi təklif edilib. Tədbir iştirakçıları müzakirələrin digər ali məktəblərdə aparılmasının vacibliyini vurğulayıblar. Qafqaz Universitetinin rektoru Ahmet Saniç növbəti tədbirin Qafqaz universitetində keçirilməsi təklifi ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti