Bakı. Rufiz Hafizoğlu - Trend:
Xocalı soyqırımı sadəcə türk dünyasının deyil, insanlığın faciəsidir. Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar parlamentdə çıxışı zamanı bildirib.
N.Ünüvar qeyd edib ki, beynəlxalq ictimaiyyət yüz il bundan əvvəlki heç bir əsası olmayan qondarma "soyqırım"ı müzakirə etməkdənsə, real faktlar, sənəd və videogörüntüləri olan Xocalı soyqırımını müzakirə etməlidir: "Xocalı soyqırımı yaşandığı zaman dünya ictimaiyyəti buna göz yummasaydı, bu gün dünyada insanlıq əleyhinə başqa cinayətlər törədilməzdi".
Millət vəkili xüsusi olaraq deyib ki, Türkiyə Xocalı soyqırımını hər zaman gündəmdə saxlamalıdır: "Ermənistan tərəfi Xocalı soyqırımını törədənləri cəzalandırmaq əvəzinə, onları qəhrəman elan edərək dövlət vəzifələri verdi. Azərbaycan torpaqlarını işğal edən Ermənistan abad olmadı və bu gün Ermənistan bölgənin ən kasıb ölkəsidir".
N.Ünüvar bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilk növbədə Ermənistanın xeyrinədir.