...

Bütün Lapşinkimilərin aqibəti belə olacaq!

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Fevral 2017 11:31 (UTC +04:00)
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər etmiş, bu qanunsuz səfərlərlə əlaqədar adı Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslərin siyahısı”na daxil edilmiş Aleksandr Lapşin ötən gün Belarusdan Bakıya ekstradisiya olundu.
Bütün Lapşinkimilərin aqibəti belə olacaq!

Bəxtiyar Hacıyev – Trend:

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər etmiş, bu qanunsuz səfərlərlə əlaqədar adı Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslərin siyahısı”na daxil edilmiş Aleksandr Lapşin ötən gün Belarusdan Bakıya ekstradisiya olundu.

Özünü bloqer adlandıran, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bu şəxs Ermənistanın silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

Lapşin qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə sosial şəbəkədə özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və Lapşinin barəsində dövlətlərarası axtarış elan edilib.

Bu, Azərbaycan Respublikasının qanunlarını pozan, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən bütün ermənipərəstlərə dərs olmalıdır. Qoy onlar Azərbaycan qanunlarını pozmağın, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsini "müstəqil dövlət" kimi təqdim etməyin nə ilə nəticələndiyini görsünlər. Eyni zamanda, bəzi işbazlar da Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdə hər hansı biznes fəaliyyəti ilə məşğul olmağın acı aqibətini indidən dərk etməlidirlər.

Artıq “istənilən şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırmağın və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinə” olan bəzi siyasətçilər də bundan sonra bəyanat verəndə yaxşı-yaxşı düşünməlidirlər – söz azadlığı işğalçı dövlətin mövqeyini dəstəkləyib işğala məruz qalmış dövlətin əleyhinə çağırışlar etməyə əsas vermir! Söz, səyahət azadlığı özbaşınalıq demək deyil, hər hansı dövlətin qanunlarını pozmağa əsas vermir!

Dədə-baba yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə soydaşımızın öz el-obalarına qayıtmaq hüququ – bu onların tam haqqıdır! - təmin edilmədiyi halda, Lapşinkimilərin Qarabağa sərbəst şəkildə gedib-gəlməsi nə dərəcədə doğru, hüquqi, ədalətli, demokratikdir?! “Məzlum ermənilər”in tərəfində olan xarici siyasətçilər zəhmət çəkib bu amili də nəzərdə alsınlar!

Lapşinin ekstradisiyası faktı həm də Azərbaycanın yüksək nüfuzunu göstərdi. Bəli, Azərbaycan onun qanunlarını pozmuş, işğal olunmuş ərazilərdə hər hansı fəaliyyətlə məşğul olmuş istənilən şəxsi ekstradisiya etməyə qadirdir və onları məhkəmə qarşısında cavab verməyə məcbur edəcək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti