...

Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2017 14:52 (UTC +04:00)
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Bakı. Trend:

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Trend-in məlumatına görə, öncə Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və foto güşəyə baxış keçirilib. Sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Heydər Əliyev Sarayının direktoru Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev geniş məruzə ilə çıxış edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən və xocalıların qeyri-bərabər döyüşdə erməni hərbi birləşmələrinə qarşı igidliklə döyüşmələrindən bəhs edib. Soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirlərinin keçirildiyini qeyd edib.

Azərbaycan tarixində baş verən ən qanlı hadisələrdən birinin canlı şahidləri olan Xocalı sakinləri də tədbirdə çıxış edərək, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmaqlarından danışıblar.

Sonda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd olunaraq, Heydər Əliyev Fondu tərəfindən xarici auditoriya üçün hazırlanan “Xocalıya Ədalət” sənədli filmi nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti