Bakı. İlhamə İsabalayeva - Trend:
İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir.
Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında danışıb.
Turizmdə etik normaların vacibliyindən danışan Agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda, o daha da effektiv quruma çevrilir.
F.Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu, qətiyyən yolverilməzdir, belə halların qarşısı alınmalıdır.
Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.
65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.