Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra biz həm də həmin yerlərin tarixini, mədəniyyətini, ənənələrini əks etdirən tarixi adlarımızı bərpa edəcəyik.
Bunu Trend-ə Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, işğal edilmiş Azərbaycan torpaqlarındakı adların böyük əksəriyyəti erməniləşdirilib.
Akademik qeyd edib ki, ermənilər Azərbaycan məscidlərini, qəbiristanlıqlarını dağıtdıqları kimi yer adlarına da vandalcasına hücum ediblər.
İ.Həbibbəyli əlavə edib ki, artıq Ağdərə rayonunun işğaldan azad edilmiş Madagiz kəndi Suqovuşan adlandırılıb:
"Əslində, bu da yeni bir ad deyil. Bu adın qoyulması tarixi Azərbaycan torpaqlarındakı qədim adların geri qaytarılması deməkdir. Dağlıq Qarabağ coğrafiyasındakı şəhərlərin, kəndlərin hamısının qədim, ilkin adları "Kitabi Dədə Qorqud" dastanında, yazılı ədəbiyyata aid digər mənbələrdə dəqiqliklə göstərilib. Hələ VII əsrdə "Kitabi Dədə Qorqud" dastanında Azərbaycan da daxil olmaqla, dəmir qapı Dərbənddən Göyçə gölünə, Borçalıya qədər olan bütün ərazilərdəki yer adlarının hamısı öz əksini tapıb. Orada Azərbaycan, Şərqi Anadolu, Araz çayı və onun ətraf əraziləri, gürcü torpaqları var, amma bu böyük ərazidə ermənilərlə bağlı bir toponim yoxdur. Amma Dərbənddən Göyçə gölünə, Ağrıdağa qədər olan ərazilərdə ermənilərlə bağlı bir yer adı olmadığı kimi, erməni dilinə uyğun olan bir kəlmə söz də yoxdur. Bu, onu göstərir ki, ermənilər bu torpaqda qətiyyən yaşamayıblar. Bizim borcumuz ermənilərin sonrakı dövrlərdə süni şəkildə erməniləşdirdikləri qondarma yer adlarının əsl adlarını qaytarmaqdır".
İ.Həbibbəyli qeyd edib ki, ermənilər başqa ölkələrə satqınlıq etməklə qədim Azərbaycan torpaqlarında öz mövqelərini gücləndirməyə çalışıblar. Onlar qətiyyən Qafqazın aborigen xalqı deyillər.