...

Azərbaycan Kommunist Partiyasının sədrliyinə iddialı tərəflər bir-birini ittiham edir

Siyasət Materials 20 Sentyabr 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Kommunist Partiyasının (AKP) sədrliyinə, partiyada ikiyə ayrılmış qrupların namizədləri - Rauf Qurbanov və Seyidağa Muradov mübarizə aparacaqlar. Bu barədə cümə axşamı Trend ə həmin şəxslər məlumat veriblər.

AKP-ni 1993-cü ildə yaradan və o vaxtdan indiyədək sədri olmuş Ramiz Əhmədov bu yaxınlarda vəfat edib. Onun vəfatından sonra partiya fəalları iki yerə - sədr müavinləri Rauf Qurbanov və Rüstəm Şahsuvarovun tərəfdarlarına bölünüblər.

Şahsuvarov bildirir ki, partiya fəallarının əksəriyyəti Qurbanovun üzərində partiya-yoldaşlıq məhkəməsinin qurulmasını və onun AKP-dən xaric olunmasını tələb edirlər. Şahsuvarovun sözlərinə görə, AKP üzvləri sədrin digər müavini Seyidağa Muradovun partiyaya sədr seçilməsini istəyirlər.

Şahsuvarov və tərəfdarları Qurbanovu partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olmaqda, bölücü qrup yaratmağa, partiya fəallarını münaqişəyə təhrik etməkdə günahlandırırlar. Onlar iddia edirlər ki, Qurbanovun məqsədi partiyada liderliyi qeyri-legitim şəkildə ələ keçirməkdir. Şahsuvarov, həmçinin, iddia edib ki, Gəncədə yaşadığı üçün Qurbanovu yalnız oradakı yaxınları dəstəkləyir.

Şahsuvarov əlavə edib ki, Qurbanov özünü birinci müavin kimi təqdim edir, halbuki ,Nizamnaməyə görə, AKP-də birinci müavinlik yoxdur.

Qurbanov isə, məsələ ilə bağlı açıqlamasında bildirib ki, o, məhz Nizamnamə əsasında I müavindir və beynəlxalq təşkilatlar da onun bu statusunu tanıyır. Qurbanovun sözlərinə görə, partiya sədri olmadıqda, onun səlahiyyətləri birinci müavinə keçdiyi üçün, Şahsuvarov və tərəfdarları AKP-də I müavinliyin olmadığını iddia edirlər: "Onlar partiyada təxribatla məşğul olurlar və çalışırlar ki, Nizamnamyə görə səlahiyyətlərin mənə keçməsinə mane olsunlar.

Qurbanov, həmçinin iddia edib ki, təkcə gəncəlilər deyil, AKP üzvlərinin 95 faizi onu dəstəkləyir. O, bildirib ki, AKP-nin Mərkəzi Komitəsinin sentyabrın 22-də keçiriləcək Plenumunda iştirak edəcək və partiyanın rəhbərliyi uğrunda mübarizə aparacaq.

Qurbanovu dəstəkləməyən qrup isə, həmin Plenumda onu partiyadan xaric etməyə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti