Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə / Müxalifəti təmsil edən Müsavat Partiyası oktyabrın 18-də Bakının mərkəzində aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə cümə axşamı Bakıda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.
"Müsavat Partiyası aksiyanı oktyabrın 18-də saat 17.00-dan 19.00-dək Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsindən (Bakı Metropoliteninin "Bakı Soveti" stansiyasının qarşısı) yürüşlə başlayıb Qoşa Qala qapısının önündə yerləşən Gənclik meydanında mitinqlə başa çatdırmağı planlaşdırır. Bu, etiraz deyil, bayram aksiyasıdır. Aksiya Azərbaycada Müstəqillik Aktının qəbul olunmasının növbəti ildönümü ilə bağlı keçiriləcək" - deyə Hacılı əlavə edib.
1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti ölkənin müstəqilliyi haqqında Akt qəbul edib. Həmin sənədlə Azərbaycan o zamankı SSRİ-nin tərkibindən çıxdığını və öz müstəqilliyini bəyan edib.
Hacılı qeyd edib ki, aksiya etiraz deyil, bayram xarakteri daşıdığı üçün Bakı şəhər İcra Hakimiyyəti şəhərin kənarında yer təklif etsə, bununla razılaşmayacaqlar: "Şəhərin mərkzi hissəsindən kənarda bayram aksiyası keçirməyi məqsədəuyğun hesab etmirik. Biz məktubumuzda qeyd etmişik ki, Bakı meriyası şəhərin mərkəzində başqa yer təklif etsə, aksiyanı orada keçirə bilərik. Meriya aksiyaya icazə verməsə, bunu müzakirə edib, növbəti addımımızı müəyyənləşdirəcəyik. Yəqin ki, icazəsiz aksiya keçirməyəcəyik".
Onun sözlərinə görə, aksiyada əsasən müstəqillik, istiqlaliyyətlə bağlı şüarlar səsləndiriləcək.
Bakı meriyası aksiyanın təyin olunduğu günə iki iş günü qalmış təşkilatçılara cavab verməlidir.
Müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cö illərdə) və 2003-cö ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 4 deputatla təmsil olunur.