...

Yaşıllar Partiyası Azərbaycanda nüvə reaktrının tikilməsinə etiraz olaraq aksiyalar keçirəcək

Siyasət Materials 19 Oktyabr 2007 13:12 (UTC +04:00)
Yaşıllar Partiyası Azərbaycanda nüvə reaktrının tikilməsinə etiraz olaraq aksiyalar keçirəcək

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Yaşıllar Partiyası (AYP) Azərbaycanda ilk tədqiqat nüvə reaktrının tikilməsinə etiraz əlaməti olaraq dövlət orqanları və xarici ölkə səfirlikləri qarşısında etiraz aksiyaları keçirəcək. Bu barədə cümə günü Trend ə Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev açıqlama verib.

Azərbaycanın müraciətindən sonra BMT-nin Atom üzrə Beynəlxalq Agentliyi (MAQATE) Azərbaycana ilk tədqiqat nüvə reaktrı tikməyə razılıq verib. Azərbaycanda bu obyektin tikilməsinə 2009-cu ildə başlanması və 2010-cu ildə başa çatması nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu isə Azərbaycanda atom elekrik stansiyasının (AES) tikilməsi ilə bağlı təkliflər zərfi hazırlayaraq hökumətə təqdim edib. Çünki İnstitut Azərbaycanda alternativ enerji mənbəyinin yaradılmasını zəruri hesab edir.

Azərbaycan Yaşıllar Partiyası atom texnologiyasının insan sağlamlığına və ekologiyaya ciddi ziyan vurduğunu əsas gətirərək onun tətbiqinin əleyhinə çıxış edir. Partiya hesab edir ki, Azərbaycan digər alternativ energini növlərindən, məsələn, külək, su, günəş enerjisindən istifadə etməlidir. Yaşılllar Partiyası həmçinin hesab edir ki, Azərbaycanda neft-qaz hasilatının və istifadəsinin həcmi azaldılmalıdır. Bu, həm ekologiya üçün faydalı olar, həm də Qafqaz bölgəsində, Xəzər regionunda qarşıdurmaların baş verməsini əngəlləyə bilər: "Xəzər regionunda karbohidrogen ehtiyatlarını ələ keçirmək uğrunda transmilli korporasiyalar arasında münaqişələr yarana bilər. Ona görə də sabitliyi təmin etmək üçün neft-qaz hasilatını azaltmaq, hidrogendən enerjidən istifadə etmək lazımdır"-deyə Mais Güləliyev bildirib.

O, əlavə edib ki, MAQATE-nin, ABŞ-ın, Avropa Parlamentinin dünyada atom energetikasının inkişafının əleyhinə olduqları halda, Azərbaycanda təcrübə xarakterli nüvə reaktrının tikilməsinə etiraz etməməsinin səbəbi Azərbaycanda karbohidrogendən asılılıq azalmasına çalışmaqdır: "Qərb ölkələri çalışır ki, Azərbaycan Xəzərdə hasil olunan ehtiyatlardan az istifadə etsin, nəticədə enerji böyük həcmdə Avropaya ixrac olunsun. Həmçinin həmin ölkələr özləri sağlamlıqlarını və eklologiyalarını korlamadan, hazır enerjini başqa ölkələrdən əldə etməyə çalışırlar. Nəticədə sağlamlığını və ekoloji təmizliyini itirən də enerjini istehsal edən ölkə olur"-deyə Güləliyev bildirib.

Onun sözlərinə görə, bütün bunlara görə, partiya Azərbaycanın Milli Məclisi, Yanacaq və Energetika Nazirliyi, həmçinin ABŞ-ın, BMT-nin Azərbaycandakı nümayəndəlikləri qarşısında dinc etiraz aksiyaları keçirməyə hazırlaşır. Partiya hələlik aksiyaların vaxtını müəyyən etməyib.

AYP həmçinin Gürcüstanın Azərbaycanla sərhədə yaxın yerdə AES tikməsinə etirazını bildirir. AYP Gürcüstanın Yaşıllar Partiyasının keçirəcəyi etiraz aksiyalarında iştirak edəcək.

Gürcüstanda artıq AES-in tikilməsinə dair qərar qəbul olunub və yaxın 3-5 il ərzində obyetin təhvil verilməsi nəzərdə tutulur.

Tibb elmi tərəfindən təsdiqlənib ki, radioaktivlik insanlarda xərçənc, qan xərçəngi, beyin iflici, ürək çatışmazlığı və digər ağır xəstəliklər yaradır.

Azərbaycanın müstəqil ekoloqları hesab edir ki, Azərbaycanda yeni tikiləcək nüvə reaktrının fəaliyyəti zamanı radiaktivlik yaradan reaksiyalar aparılacaqsa, mütləq insan səhhətinə ziyanı olacaq.

Xəbər lenti

Xəbər lenti