...

Azərbaycan XİN-i rəsmi Tehranın narazılığına dair məlumat almayıb

Siyasət Materials 17 Dekabr 2007 13:55 (UTC +04:00)
Azərbaycan XİN-i rəsmi Tehranın narazılığına dair məlumat almayıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan XİN-i ölkədə saxlanılan "Səidin dəstəsi"nin İran İnqilabı Keşikçiləri Korpusu-SEPAH ilə əlaqələrinin detallarını araşdırır. Bu barədə bazar ertəsi brifinqdə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Dekabrın 10-da Bakıda "Səidin dəstəsi" (Dəstənin lideri Səid Dadaşbəylinin adı ilə adlanır) kimi tanınan, Azərbaycanda hakimiyyətin zorakılıqla ələ keçirilməsini planlaşdıran və 2007-ci ilin yanvarında həbs olunan silahlı qruplaşma barəsində hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qruplaşmanın 14 üzvünün iki ildən 14 ilədək azadlıqdan məhrum edilmələrinə dair hökm oxunub. Onlar dövlətə xəyanət, ölkədə hakimiyyəti zorla ələ keçirməyə hazırlıq, qanunsuz silah saxlanılması, saxta pulların hazırlanması və paylanması, narkotik maddələrin saxlanılması və yayılması üzrə günahkar biliniblər.

İran KİV-i bazar günü Azərbaycanın İrandakı səfirinin vəziyyətin aydınlaşdırılması məqsədilə bu ölkənin XİN-nə çağırılmasına dair məlumat yayıb.

Azərbaycan MTN-nin yaydığı məlumatda "Səidin bandası" ilə "Sepah"ın əlaqəsi olduğu göstərilib.

Azərbaycan XİN-in mətbuat katibi səfirin İran XİN-ə çağırılmasına dair məlumata malik olmadığını bildirib. O vurğulayıb ki, Azərbaycan tərəfi rəsmi Tehranın narazılığına dair heç bir məlumat almayıb.

XİN-in rəsmi təmsilçisi öz ölkəsinin adından bildirib ki, Azərbaycan İran ilə dostluq və tərəfdaşlığın inkişafında maraqlıdır.

Xəbər lenti

Xəbər lenti