...

Avropa Birliyi Azərbaycana 2008-ci ildə prezident seçkilərinin keçirilməsində kömək edəcək

Siyasət Materials 23 Fevral 2008 07:45 (UTC +04:00)
Avropa Birliyi Azərbaycana 2008-ci ildə prezident seçkilərinin keçirilməsində kömək edəcək

Fransa, Strasburq, 23 fevral / Trend müxbir A.Məhərrəmli/ Düşünürəm ki, biz Azərbaycana 2008-ci ildə prezident seçkilərinin keçirilməsində dəstək və kömək göstərəcəyik. Avropa Şurası və Avropa Birliyi qarşısında seçki qanunvericiliyi və seçkilərin keçirilməsi ilə bağlı götürülən müxtəlif öhdəliklərin yerinə yetirilməsi prosesini izləyəcəyik. Bunu Strasburqda Avropa Şurasındakı görüşdən sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Piter Semnebi deyib.

AB-nin Azərbaycanla bağlı planlarına toxunan Semnebi hələlik bu haqda danışmağın tez olduğunu qeyd edib: "Hələ ki, Azərbaycanla bağlı nə olacağı barədə danışmaq tezdir. Bizim Gürcüstan və Ermənistanla bağlı bəzi layihələrimiz olub və mən hesab edirəm ki, biz Azərbaycana prezident seçkilərinin keçirilməsində dəstək və yardım göstərəcəyik".

Semnebi həmçinin AŞ-dəki görüşdə müzakirə olunan məsələlərə diqqət yetirib. Onun sözlərinə görə, görüş əsnasında AŞ-dən olan həmkarlarla fikir mübadiləsi aparılıb. "Biz baş katib, insan haqları üzrə komissar və AQO qrupunun üzvləri ilə görüşdük. Habelə Venesiya komissiyası ilə görüş keçirildi. Bir sözlə fikir mübadiləsi aparıldı. Görüşün vaxtının seçilməsinə gəldikdə isə bunun müxtəlif səbəbləri var idi. Bizim bir sıra tədbirlərimiz olub. Bu yaxınlarda AB "üçlüyü"nün Cənubi Qafqaz ölkələrinə səfəri gerçəkləşdirilib. Eyni zamanda hazırda AQO qrupunun növbəti səfərinə hazırlıq gedir, insan haqları üzrə komissarın Azərbaycan üzrə məruzəsi hazırlanır və s. Odur ki, çoxlu sayda məsələlər var",- deyə o vurğulayıb.

AB-Azərbaycan fəaliyyət planının icrasına gəldikdə isə Semnebi qeyd edib ki, məsələ ilə bağlı müvafiq məruzə aprelin əvvələrində təqdim ediləcək. "Vaxtından əvvəl nəyisə şərh etmək istəmirəm. Bu məruzədə hər şey dəqiqliklə göstəriləcək", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti