...

Azərbaycanın Seçki Məcəlləsi mükəmməl olmasa da, azad və ədalətli seçkilər keçirməyə imkan verir - Venesiya Komissiyasının katibi

Siyasət Materials 25 İyun 2008 13:10 (UTC +04:00)
Azərbaycanın Seçki Məcəlləsi mükəmməl olmasa da, azad və ədalətli seçkilər keçirməyə imkan verir - Venesiya Komissiyasının katibi

Fransa, Strasburq, 25 iyun / Trend , müxbir A. Məhərrəmli/ Avropa Şürası Venesiya Komissiyasının katibi Canni Bukikkionun Trend -a eksklüziv müsahibəsi

- Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsinə edilən dəyişiklikləri necə qiymətləndirir?

- Mətbuatda bu məsələyə artıq yer ayrılıb. Venesiya Komissiyasının mövqeyi bəlli idi, lakin biz Azərbaycan Parlamenti tərəfindən qəbul edilən yekun variantla tanış deyildik. Artıq bir neçə həftədir bu bizə göndərilib. Biz bu versiyanı nəzərdən keçirdik. Deməliyəm ki, Venesiya Komissiyasının bir çox təklifləri nəzərə alınıb. Bu müsbət bir haldır. Eyni zamanda, deməliyəm ki, Venesiya Komissiyasının çox önəm verdiyi bəzi vacib məsələlər, o cümlədən seçki komissiyalarının tərkibinin formalaşdırılması əvvəlki kimi saxlanılıb. Mən artıq dəfələrlə bildirmişəm ki, yaxşı seçki komissiyası olması üçün sehrli bir formul yoxdur. Habelə bildirmişəm ki, Azərbaycan xalqının siyasi mədəniyyəti üzun müddətə inkişaf edəcək. Bu zaman digər çoxsaylı ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki komissiyalarının tərkibinin peşəkar məmurlardan formalaşdırılmasını nəzərdən keçirmək gündəmə gələ bilər, yəni onlar siyasi partiyalar tərəfindən təyin edilərək formalaşdırılmayacaq. İdeal seçki komissiyasının olması çətindir. Önəmli olanı vətəndaşların, seçicilərin, siyasi partiyaların seçki komissiyasına inamının olmasıdır. Azərbaycan xalqında inam doğuracaq seçki komissiyasının formalaşdırılması üçün başqa bir formul tapmaq yaxşı olardı. Bu belə olmadı. Dediyim kimi digər təklif və rəylər Seçki Məcəlləsinə daxil edildi. Bu isə şəxsən mənə deməyə imkan verir ki, sonda Seçki Məcəlləsi mükəmməl olmasa da, hal- hazırkı vəziyyətdə azad və ədalətli seçkilər keçirməyə imkan verir. Bu, mənim şəxsi fikrimdir. İndi Azərbaycan hakimiyyəti, vətəndaşlar və siyasi partiyalar elə etməlidirlər ki, oktyabr ayında keçiriləcək prezident seçkisi beynəlxalq standartlara uyğun keçirilsin. Mən Azərbaycanda bu seçkilərin yaxşı olmasını eşitməyi və görməyi arzu edirəm. Seçki prosesində iştirak edən bütün tərəflərin - seçicilər, seçki komissiyalarının üzvləri, müşahidəçilər, siyasi partiyalar, hakimiyyət orqanlarının bu seçkilərin azad, demokratik və ədalətli keçirilməsinə çalışmaları lazımdır.

- Venesiya Komissiyası necə hesab edir, bu dəyişikliklər azad və şəffaf prezident seçkilərinin keçirilməsinə zəmanət verirmi?

- Qanunun tətbiqi çox önəmlidir. Seçki Məcəlləsini xoş niyyətlətə tətbiq etmək lazımdır. Azərbaycanın Seçki Məcəlləsi mürəkkəbdir. Bu mənim buna dair digər tənqidimdir. Məcəllənin səhifələrinin sayı çoxdur. Hər hansı bir qanun uzun və mürəkkəb olarsa, onun tətbiqi çətin olur. Bir gün mürəkkəb və üzün olmayan, eləcə də oxucunu darıxdırmayacaq seçki qanunu hazırlamaq haqqında fikirləşmək lazım olacaq. Uzun və mürəkkəb seçki qanunu hüquqşünaslara, hakimlərə, seçki komissiyalarının üzvlərinə çətinlik yaradır. Buna görə düzgün seçkilərin keçirilməsi marağına uyğun olaraq, seçki qanununun tətbiqi zamanı problemlərin ortaya çıxmasının qarşısını almaq üçün onun müddəaları oxunaqlı olmalıdır.

Qanun oxunaqlı olmalıdır ki, onun müddəaları düzgün və seçkilərin mənafeyinə uyğun formada tətbiq olunsun. Mən bir misal gətirəcəm: qəbul olunan Seçki Məcəlləsində "exit-poll"la bağlı bir qayda var. "exit-poll"u həyata keçirən qurum və ya siyasi partiya Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməlidir. Bu tamamilə normaldır. MSK-ya "exit-poll" keçirilməsini bildirmək yaxşı haldır, çünki komissiyanın kimin nə etməsindən xəbəri olmalıdır. Bunun MSK-nın "exit-poll"un keçirilməsinə icazə verməsinə və bunun keçirilməsinə icazənin olması anlamına gətirib çıxarılması yaxşı hal olmazdı. Bu, qanunda deyilmir. Qanunun demokratik seçkilərin keçirilməsi xeyrinə şərh edilməsi lazımdır.

- Venesiya Komissiyasının Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təkliflərinin qanuna daxil edilib-edilməməsinə dair ziddiyyətli məlumatlar var. Komissiyanın təklifləri Seçki Məcəlləsinə daxil edilibmi?

- Bununla bağlı barmaqlara mürəkkəbin vurulmasını göstərmək olar. Bu praktika əvvələr də var idi, amma bu dəfə qanunda aydın şəkildə öz əksini tapıb. Namizədlərin müraciətini araşdırmaq üçün Seçki Komissiyalarına yardım edəcək ekspertlər qrupunun yaradılması təklifi qəbul edilib. Bu yaxşı haldır. Seçici siyahılarında təkcə seçicinin adı deyil, həm də onun ünvanı göstərilir. Bu, şəxsin müəyyən olunmasına əlavə vasitədir. Bəzi ölkələrdə eyni olan soyadlar var. Qanunda müşahidəçilərin fərqləndirici vəsiqələr taxmaları nəzərə alınıb. Bu isə seçki bürosunda kimin olmasını bilməyə imkan verəcək. Namizədlərin qeydiyyata alınmasının ləğv olunması məsələsi var. Bunun üçün məhkəmə qərarı olmalıdır. Bu da yaxşı haldır. Lakin bu, o şərtlə mümkündür ki, düzgün formada tətbiq olunsun və məhkəmə vəziyyəti düzgün qiymətləndirərək müstəqil şəkildə namizədin ləğv olunmasına qərar versin. O cümlədən, ekspetrlər qrupu öz işlərini düzgün formada yerinə yetirərək olunan müraciətləri asanlaşdırmalıdır. İrəliləyişlər var. Bu Məcəllənin keyfiyyəti onun tətbiqi zamanı bilinəcək. Ümid edirəm ki, bu dəfə Azərbaycan Avropa ailəsinin digər üzvlərinə deyəcək ki, azad və demokratik seçkilər keçirmək olar.

- Azərbaycan tərəfindən nəzərə alınmayan təkliflər hansılardır?

- Ən önəmlisi seçki komissiyaları ilə bağlı məsələ idi. Biz dəfələrlə bunu tövsiyə etmişik. Bir neçə ildir seçki prosesində iştirak edən tərəflərdə - seçicilər və siyasi partiyalarda inam doğuracaq seçki komissiyalarının tərkibinin formalaşdırılması formulunun tapılmasına cəhd edirik. Bunu iqtidarla müxalifət arasında tarazlaşdırılmış şəkil və ya digər bir format haqında düşünmək olar. Əsas olan seçki komissiyalarına inam olmasına gətirib çıxaracaq nəticənin olmasıdır. Cari ilin iyul ayının 14-15-də Konstitusiya Məhkəməsinin yaranmasının 10 illik yubileyi münasibətilə təşkil ediləcək beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana səfər edəcəm. Azərbaycan hakimiyyət orqanlarının məsul şəxləri, eləcə də MSK-nın sədri Məzahir Pənahovla görüşməyə ümid edirəm. Mən ona SK-nın rolunun nə qədər önəmli olduğunu bildirəcəm. SK-nın tərkibi tarazlaşdırılmış şəkildə formalaşmasa da, kommissiya müstəqil və qərəzsiz mövqe tuta və seçkilərin uğurla keçməsinə töhfə verə bilər. Əgər bu seçkilər uğurla keçməzsə, bunu əlbəttə fikirləşmək belə istəmirəm, ciddi tədbirlər görmək lazımdır. Seçki prosesində qanuna uyğun hərəkət etməyən məmurları ağır cəzalandırmaq lazımdır.

- Azərbaycanda seçki kampaniyası müddətinin azaldılması, pul depoziti hesabına namizədlərin qeydiyyata alınması qaydasının ləğv olunması Venesiya Komissiyası ilə razılaşdırılıbmı və bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Biz o qədər də razı deyilik. Deyə bilmərik ki, standartlara da uyğun deyil. Dövlət öz funksiyasını yerinə yetirməyə davam etməlidir. Buna görə dövlətin, hökumətin, parlamentin işləməsinə mane olan uzun seçki kampaniyaları lazım deyil. Eyni zamanda, siyasi partiyalara seçki kampaniyalarında öz proqramlarını, özlərini tanıtmağa şərait yaradılmalıdır ki, onlar öz ideyaları ilə seçicilərin rəğbətini qazansın. 28 gün bir aydır. Sözün əsl mənasında seçki kampaniyası aparmaq üçün kifayətdir. Amma Azərbaycanın timsalında namizədlərin dövlət və özəl KİV-ə bərabər çıxışı olmasa, təbii ki, bu, bəzi partiyalara digərlərinə nisbətən daha çox şərait yaradılmasına gətirib çıxarar. Deməli, 28 gün KİV-ə asan çıxışı olmayanlar üçün kifayət deyil. Seçki prosesi bütövlükdə 75 gündür. Bu pis deyil. 125 gün çox görünə bilərdi. Eyni zamanda, 40 min imza toplamağa 75 gün kifayətdirmi? Biz bəzən bütün mövcud ağır prosedurları da nəzərə alırıq. Namizədlər lazım olan imzaları toplamaqda çətinlik çəkə bilər. Qeydiyyatdan keçmək üçün pul depozitinin qoyulması başqa ölkələrdə çox da yayılmış praktika deyil. Bunun artıq mövcud olmaması yaxşı haldır. Buna baxmayaraq, 40 min imzanı toplamaq pul depozitinin qoyulmasına nisbətdə daha böyük çətinlik törədə bilər. Elə şeylər var ki, standart forma olmadığına görə onları tənqid etmək olmaz. Ona görə gözlənilən nəticə qanunun tətbiqi zamanı əldə edilə bilər. Seçki Məcəlləsində bütün qaydalar namizədlərin lehinə deyil, azad, şəffaf, düzgün seçki prosesinin keçirilməsinə şamil edilməlidir. Vaxtın qısaldılmasına gəldikdə, bir çox ölkələrdə bu müddət çox qısadır. Amma digər növ təminatlar var. Məsələn, KİV-ə asan çıxış. Fransa və İtaliyada seçki kampaniyasının müddəti daha çox qısadır. Təbii ki, seçkiöncəsi kampaniya var və potensial namizədələr KİV-də özlərini tanıtdıra bilirlər. Bu isə Azərbaycanda dövlət və özəl telekanallara çıxış qadağan edildiyindən, sanki bəzi namizədlər cərimələnmiş olurlar. Ümid edirəm, nə vaxtsa, bu qadağa ləğv ediləcək, amma hal-hazırda qüvvədədir.

- Bu əlavə və dəyişikliklər yenidən nəzərədən keçirilə bilərmi?

- Azərbaycan parlamenti suverendir. Biz heç bir şeyi məcbur etdirmirik, sadəcə, məsləhətlər veririk. Biz bu sahədə azərbaycanlı ekspertlərlə birgə işlədik. Parlament təklif olunan bəzi tövsiyələri qəbul edib-etməməyə və ya dəyişikliklər etməyə qərar verdi. Bu, parlamentin tam hüququdur. Bunu qəbul edilmiş Məcəlləni nəzərdən keçirərkən qeydə almışıq. Amma verəcəyimiz rəydə seçki kampaniyasının müddətinin azaldılması, KİV-ə çıxış kimi bəzi narahatedici məqamlar var. Yenə təkrar edirəm ki, qanunun tətbiqi düzgün olarsa, hazırkı qaydalarla düzgün seçkilər keçirmək olar.

- Venesiya Komissiyası "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna edilmiş dəyişiklikləri necə qiymətləndirir?

- Seçki Məcəlləsi haqqında dediklərim bu qanuna da şamil olunur, amma kiçik bir dəyişikliklə. Bu qanun beynəlxalq standarlara uyğundur. Çox yaxşı qanundur, lakin onun hansı formada tətbiq olunacağını görəcəyik. Azərbaycana qonşu olan bir ölkə Venesiya Komissiyası ilə birlikdə sərbəst toplaşmaq haqqında yaxşı bir qanun hazırlamışdı. Təəssüf ki, onun tətbiqində problemlər ortaya çıxdı. ASPA bundan çox narahatdır.

- Bu qanunla bağlı hansı təklifləriniz qəbul olunmayıb?

- Ümumi olaraq daha önəmli məsələlər nəzərə alınıb. Qanunla bağlı bizim qiymətləndirmə rəyimiz müsbətdir. Mitinq keçirmək üçün icazənin alınması normaldır. Bu, digər ölkələrdə də belədir. Çünki hakimiyyət orqanları bəzi tədbirləri görmək üçün mümayişin keçirilməsini bilməlidir. Digər tərəfdən, kiçik qrup halında insanların küçədə əvvəlcədən təşkil olunmayan yürüşün keçirməsinə icazə almağa vaxtları olmur. Bütün bunlar qanunda nəzərdə tutulub. İndi söhbət onun düzgün tətbiq olunmasından gedir. Sözügedən qanun seçki dövründə çox önəmli qanundur.

- Qanuna edilən dəyişikliklər Azərbaycanda sərbəst toplaşmaq azadlığına tətbiq olunan məhdudiyyətləri aradan qaldıra bilərmi?

- Bu qanun çox maneələri aradan götürməyə imkan verir. Biz bu qanun üzərində birgə işlədik. Problemlərdən biri o idi ki, dövlət orqanları binalarının qarşısında mümayiş keçirmək qadağandır. Dövlət orqanı binası nə deməkdir? Poçt bürosu da dövlət binasıdır? Bunların sayı şoxdur. Belə olan halda, nümayişi kənddə keçirmək lazımdır. Dəyişikliklərdən sonra bunlar düzəldildi.

- İyulda Bakıda keçiriləcək konfransda iştirak edəcəksinizmi?

- Bu, Azərbaycan Konstitusiya Məhkəməsinin yaranmasının 10 illiyi münasibətilə təşkil edilən beynəlxalq konfransdır.10 il bundan əvvəl mən onun yaranmasında iştirak etmişəm, çünki Venesiya Komissiyası KM-nin yaranmasını nəzərdə tutan qanun üzərində işləmişdi. KM-nin bu təşəbbüsü irəli sürməyindən çox məmnunam. Digər ölkələrin məsul şəxsləri, KM-nin sədrləri bu konfransa dəvət edilib. Səfərim zamanı MSK-nın sədri, Azərbaycan rəsmiləri ilə görüşməyə ümid edirəm. Bununla bağlı hələ proqramı tərtib etməmişəm. Mənimlə təmas qurmaq istəyən rəsmilərlə görüşməyə hazıram.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti