...

Fransızsayağı Total gediş

Siyasət Materials 16 İyul 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul/ Trend Cap , müxbir A.Bədəlova/ İran bu gün dünya arenasında yalnız siyasətçilər deyil, iqtisadçıların da diqqətini cəmləşdirən baş qəhrəmana çevrilib. Bu gün dünya təhlükəsizliyi sahəsində və dünya enerji bazarında vəziyyət müəyyən dərəcədə ondan asılıdır.

İranın nüvə proqramı ətrafındakı məsələlər səngimir və gündən-günə daha kəskin xarakter alır. Növbəti qızğın diskussiyalar yaratmış ötən həftənin əsas hadisələrindən biri Fransanın Total neft şirkətinin rəhbəri Kristof de Marjerini Britaniya KİV-ə müsahibəsində şirkətin İranda neft-qaz yatağının işlənilməsinə dair layihədən getməsi və ölkə iqtisadiyyatına sərmayə yatırılmasını dayandırması barədə bəyanatı olub. Marjeri belə qərarın səbəbi kimi "yüksəsk siyasi riskləri" göstərib. Fransa şirkəti "Cənubi Pars" iri qaz yatağının "11 və 12-ci faza"larının işlənilməsində iştirak etməli idi. Lakin sonra İran Milli Neft Şirkətinin (NİOC) rəhbəri Seyfulla Cəşnsaz Total-ın İrandan getməsi barədə məlumatı təkzib edib. "Cənubi Pars" layihəsinin operatoru olan NİOC rəhbərinin sözlərinə görə, yayılan məlumat "yalandır" və bunu "Qərbin şeytan oyunları" adlandırıb.

Total hələ fevralda bəyan edib ki, heç bir halda İranda fəaliyyətini dayandırmayacaq. Lakin yazda "Cənubi Pars"dan mümkün gedişi barədə danışıqlara başlayıb və bunu layihə üzrə kapital xərclərinin artması ilə əlaqələndirib. Əvvəllər eyni səbəbə görə İngiltərə-Hollandiya şirkəti RD/Shell və İspaniyanın Repsol şirkəti yatağın "13-cü faza"sının işlənilməsində iştirakdan imtina edib.

Bir çox qərb ekspertləri hesab edirlər ki, Total-ın - İranda çalışan sonuncu iri qərb şirkətinin gedişi "Cənubi Pars" layihəsinin sonrakı reallaşdırılmasına böyük zərər vuracaq. Ekspertlər hesab edirlər ki, xüsusi müasir texnologiyalar tələb edən layihədə çətinliyinə görə nə Rusiya, nə də hansısa Asiya şirkətləri Qərb şirkətlərini əvəz edə bilməyəcəklər.

Siyasi risk Total-ın İranın layihəsindən çıxması üçün yeganə səbəb deyil. Bu məsələdə ABŞ-ın İrana münasibətdə çağırışları və xüsusilə də onun neft-qaz sektoruna toxunan sanksiyaları sərtləşdirməyə dair bu yaxınlardakı cəhdləri, həmçinin ölkənin İsraillə son həddədək gərginləşmiş münasibətləri az rol oynamayıb.

Ötən həftə Amerika KİV-ləri İsrailin Hərbi Hava Qüvvələrinin (HHQ) ölkənin mövcud olduğu bütün tarix ərzində ən iri təlimlər keçirməsi barədə məlumat yayıb. KİV-lər güman edir ki, HHQ-nin manevrləri İranın nüvə obyektlərinə hücuma məşqlər olub. İranın "Şahab- 3" və "Şahab- 4" ballistik raketlərini sınaqdan çıxarması barədə məlumat da odun üstünə yağ töküb. Lakin sonradan bu məlumatı yayan qərb KİV-ləri bunu təkzib edib. Amerika ekspertləri sınaqlara dair əldə edilən videomateriallara əsasən, yayılan məlumatın doğru olmadığını bəyan ediblər.

İranı nüvə proqramından imtina etməyə məcbur etmək üçün görülən bütün tədbirlər indiyədək uğurla nəticələnməyib. İran proqramın bundan sonra da reallaşdırılmasından imtina etməyə hazırlaşmır və onun dinc xarakter daşıdığını iddia etməkdə davam edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, İsrail İranın nüvə proqramını öz təhlükəsizliyinə təhdid kimi nəzərdən keçirir və İsrailin Baş naziri Ehud Olmertin söylədiyi kimi, heç bir halda İrana nüvə silahı əldə etməyə imkan verməyəcək.

İki ölkə arasında hərbi əməliyyatlar qabaqcadan söylənilə bilməyən nəticələr doğura bilən qlobal xarakter ala bilər. İrana hücum edildiyi halda yalnız dünya təhlükəsizliyi deyil, dünyadakı iqtisadi sabitlik də təhlükəyə məruz qalacaq. Neft bazarı güclü zərbə altında qalacaq.

İran neft ehtiyatlarının böyüklüyünə görə Səudiyyə Ərəbistanı, İraq və Küveytdən sonra dünayda dördüncü yeri tutur. Ölkə sutkada təqribən 4 mln. barel neft hasil edir. Bu, ölkənin iştirakçısı olduğu OPEK-in ümumi hasilat həcminin 10 faizindən çoxdur. İranın neft sənayesi naziri Qulamhüseyn Noozəri bir müddət əvvəl bildirib ki, ölkədə 1,1 mlrd. barel qiymətləndirilən daha bir iri neft yatağı açılıb. 2007-ci ildə İran dünya bazarına gündəlik 4 mln. barel neft tədarük edib ki, bu da ümumi dünya tədarükünün beş fazini təşkil edib.

OPEK-in Baş katibi Abdulla Salem əl-Bədri İrana qarşı hərbi əməliyyatlar aparıldığı halda neft bazarı üçün ciddi nəticələr barədə xəbərdarlıq edib. "Əgər ciddi bir şey baş verərsə, OPEK-ə üzv ölkələr İran neftinin dünya bazarına tədarükünün əvəzini ödəyə bilməyəcəklər", - o bildirib.

Analitiklər xorla İrana hücuma dair ehtimallar həyata keçirildiyi halda neftin qiymətlərinin görünməmiş həddə çatacağını proqnozlaşdırırlar. "İranın neft hasilatı və ixracını tamamilə dayandırması qiymətlərin 100 faiz artmasına gətirəcək", - ABŞ Dövlət Energetika İdarəsinin (EİA) beynəlxalq iqtisadçısı Nasir Hilci bildirir. Britaniyanın "The Independent" qəzetinin iqtisadi analitiki Şon O'Qreydi hesab edir ki, İranla müharibə baş verərsə, neftin qiymətləri 1 barelə görə 250 dollara çata bilər.

İran sabit neft tədarüklərinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Dünya ixrac nefti nəqlinin təqribən 40 faizinin həyata keçirildiyi Hörmüz boğazı ölkənin əlində əsas vasitədir. İran dəfələrlə İsrail hücum etdiyi halda onu bağlamaq niyyəti barədə xəbərdarlıq edib.

Beləliklə, bu gün yalnız Yaxın Şərqdəki geosiyasi təhlükəsizlik deyil, həm də dünya iqtisadiyyatı təhlükə altındadır. Dünya İrana qarşı gələcəkdə qlobal dəyişikliklərə və bərpa olunmaz nəticələrə gətirə biləcək hərəkətlərlə üz-üzə qalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti