...

Azərbaycan parlamentinin deputatları Rusiya Dövlət Dumasının Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasını pisləyiblər

Siyasət Materials 25 Avqust 2008 16:27 (UTC +04:00)
Azərbaycan parlamentinin deputatları Rusiya Dövlət Dumasının Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımasını pisləyiblər

Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları hesab edirlər ki, Rusiya Dövlət Duması və Federasiya Şurasının Gürcüstanın ərazisi olan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması beynəlxalq hüquq normalarının pozulmasıdır. "Rusiya Dövlət Duması və Federasiya Şurasının qərarı dünya üçün təhlükəli olan mənfi president yaradır",- bazar ertəsi Trend -a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının təmsil edən deputat Aydın Mirzəzadə bildirib.

Trend -un arayışı: Gürcüstanın Cənubi Osetiya və Abxaziya muxtar respublikaları 1990 - cı illərin əvvəllərində Tbilisidən ayrılaraq öz müstəqilliklərini elan ediblər. Lakin beynəlxalq ictimaiyyət onların müstəqilliyini tanımayıb. Bazar ertəsi Rusiya Dövlət Duması və Federasiya Şurası Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq haqda qərar qəbul edib. Parlamentin hər iki Palatası Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanımaq üçün prezident Dmitri Medvedyevə müraciət edib.

Mirzəzadə hesab edir ki, BMT Təhlükəsizlik Şurasının üzvü olan Rusiyanın belə bir qərar qəbul etməsinə ehtiyac yox idi.

"Bu qərar əks səmərə verə və Rusiyanın özünə qarşı yönələ bilər. Çünki müxtəlif dövrlərdə Rusiyanın tərkibindən çıxmaq istəyən xalqlar olub", - deyə deputat əlavə edib.

Onun fikrincə, məsələyə ilk növədə parlamentdə baxılması rəsmi Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyində israrlı olmadığını göstərir. Mirzəzadə əlavə edib ki, aksiya bununla dünyaya öz mövqeyini nümayiş etdirir və beynəlxalq ictimaiyyətə təzyiq edir. "Ümid edirəm ki, Rusiya rəhbərliyi beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərəcək və dünyanın aparıcı dövləti kimi öz nüfuzunu qoruyub saxlayacaq".

Parlamentin İnsan Hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova hesab edir ki, bu qərar beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünün tanınması və qorunması qərarına ziddir.

"Rusiya həmişə bu prinsipi müdafiə edib və qoruyub. Bunu Çeçenistan müharibəsi zamanı nümayiş etdirdi. Amma indi rəsmi Moskva bu prinsipə hörmətsizlik nümayiş etdirir", -deyə komissiya sədri əlavə edib.

Onun fikrincə, Dövlət Dumasının və Federasiya Şurasının qərarı Kosovonunun müstəqilliyinin tanınmasından sonra yaranan mənfi presidentin nəticəsidir.

Parlamentdə müxalifəti təmsil edən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə bildirib ki, Rusiya parlamentinin qərarı beynəlxalq hüquq normalarına ziddir.

"Rusiyanın bu qərarı Cənubi Qafqaz bölgəsində vəziyyətin sabitləşməsinə xidmət etmir. Qərar mürəkkəb vəziyyəti daha da gərginləşdirəcək", - deyə Mollazadə əlavə edib.

Onun fikrincə, qərar əks səmərə verə bilər. Deputat bildirib ki, separatçılığı dəstəkləyən istənilən ölkənin qararı onunun özünə qarşı yönələ bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti