...

Azərbaycan prezidenti rus-gürcü münaqişəsi məsələsində ən yüksək siyasi yetkinlik nümayiş etdirib - rus siyasətçisi

Siyasət Materials 29 Avqust 2008 15:56 (UTC +04:00)
Azərbaycan prezidenti rus-gürcü münaqişəsi məsələsində ən yüksək siyasi yetkinlik nümayiş etdirib - rus siyasətçisi

Rusiya, Moskva, 29 avqust/ Trend , müxbir R.Ağayev/Azərbaycan prezidenti İlham Əliyev Rusiya və Gürcüstan arasındakı münaqişə məsələsində ən yüksək siyasi yetkinlik nümayiş etdirib və Qərbin tələskənliklə planlaşdırdığı antirus kampaniyasına qoşulmayıb, - MDB ölkələri İnstitutu Qafqaz şöbəsinin rəhbəri Mixail Aleksandrov hesab edir. "Beləliklə, Azərbaycanın mövqeyi müsbət və müəyyən mənada nümayişkaranə olub", - Moskvada keçirilən "Rusiya-Gürcüstan-ABŞ: resurslar uğrunda müharibə?"müzakirələrində Aleksandrov deyib.

Onun fikrincə, məhz ölkə rəhbərliyinin belə mövqeyi sayəsində, Rusiya üçün Azərbaycanın əhəmiyyəti daha da artıb. Aleksandrov hesab edir ki, Azərbaycanda Gürcüstanda baş verən hadisələrlə əlaqədar olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hərbi ritorika nəzərəçarpacaq dərəcədə azalıb ki, bu da Qafqazdakı real vəziyyətin yenidən qiymətləndirilməsindən xəbər verir.

Politoloqun fikrincə, Azərbaycan dostluq siyasəti yürütsə, hazırda Qərbin Qafqazda həyata keçirməyə çalışdığı antirus geosiyasi birləşmələrə qoşulmasa, Rusiya Azərbaycanla gələcəkdə də bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.

Onun sözlərinə görə, bu, uzunmüddətli planda Azərbaycanın xeyrinə olacaq, çünki Qərbdə cərəyan edən dünya iqtisadi böhranı gec-tez Qərb iqtisadiyyatını, NATO-nu dağıdacaq və dünya məkanını, o cümlədən Zaqafqaziyanı yenidən formatlaşdıracaq. "Bax onda, Rusiyanın əsas rol oynayacağı bir məqamda, o, Azərbaycanın müsbət yanaşmasını mütləq nəzərə alacaq", - o deyib.

Aleksandrovun fikrincə, Dağlıq Qarabağ ətrafında münaqişəsinin tənzimlənməsi elə şəkildə olacaq ki, hətta Dağlıq Qarabağ Ermənistanın tərkibində qalsa belə, onun ətrafındakı yeddi rayon mütləq Azərbaycana qaytarılacaq və çox güman ki, Azərbaycan ərazi təzminatını başqa yerdə alacaq. 

Politoloq Rusiya - Gürcüstan müharibəsinin tərkib hissəsi olan enerji daşıyıcılarının əhəmiyyətindən danışaraq deyib ki, münaqişənin enerji  səbəbi periferiyadır; burada daha ciddi səbəblər olub. Onun fikrincə, Qərbin strategiyası Zaqafqaziyada, xüsusilə də Gürcüstanda 2004-cü ildə hakimiyyətə Mixail Saakaşvili gəldikdən sonra həyata keçirilməyə başladı ki, bununla da Qərb Rusiyanı müstəqil dövlət kimi birdəfəlik darmadağın etmək niyyətində idi. "Qərbin planı belə olub: ilk növbədə, Şimali Qafqazdan başlayaraq, Rusiyanın dağıdılması, Gürcüstan və Azərbaycanın NATO-ya qəbul edilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dağıdılması və Rusiya ərazisində separatçılığın dəstəklənməsi", - Aleksandrov qeyd edib.

Politoloqun fikrincə, Rusiya Gürcüstanla münaqişədə öz işini sona çatdırmayıb. O, əmindir ki, Tbilisiyə gedib çatmaq, Saakaşvilini həbs etmək və onu Vladiqafqazda  mühakimə etmək, Gürcüstanda Rusiyaya sərf edən yeni prezident seçkiləri təşkil etmək, Gürcüstana federal və ya bütün muxtariyyətlərə, o cümlədən Acarıstana, ermənilərin məskunlaşdığı Cavaxetiyaya, azərbaycanlıların məskunlaşdığı Kvemi-Kartliyə geniş səlahiyyətli konfederativ quruluşu tətbiq etmək lazım idi. "Amerikalılar bütün İraqı milli əyalətlərə böldülər, Rusiya isə Gürcüstana münasibətdə Saakaşvili rejiminin tükdən asılı olduğu  və ömrünün sona çatdığı bir məqamda özünü quzu kimi - çox ürəksiz və utancaq aparır", - Aleksandrov hesab edir. 

Rusiyaya qarşı tətbiq ediləcək mümkün qadağalar haqqında danışan politoloq qeyd edib ki, artıq Qərb dünya siyasətinin lideri deyil, belə ki, güclü Çin var, Rusiya ilə nüvə bərabərliyi qorunur. Onun  sözlərinə görə, Qərbin mümkün qadağalarına cavab olaraq, Rusiya dünya bazarlarında neftin qiymətlərinin artması üçün qəsdən neft hasilatını azaltmalı, sonra isə yaranmış vəziyyətdən maksimal mənfəət götürməlidir.  

Xəbər lenti

Xəbər lenti