Azərbaycan, Bakı, 28 noyabr/ Trend Ne , müxbir C. Babayeva/ "Qəbələ Radiolokasiya Stansiyasından (RLS) birgə istifadəyə dair təklif geri götürülməyib və gündəlikdədir", - deyə cümə günü jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib.
Onun sözlərinə görə, bu məsələ üzrə müzakirələrin davam etdirilməsi hər iki tərəfdən - Rusiyadan və ABŞ-dan asılıdır.
Moskva ABŞ tərəfindən yaradılan RƏM sisteminə "Rusiyanın imkanları"nın, misal üçün RF-nin Azərbaycanda icarəyə götürdüyü Qəbələ radarının daxil edilməsini təklif edib.
İTAR-TASS-ın verdiyi xəbərə görə, Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev cümə günü Vaşinqtonda Beynəlxalq Münasibətlər Şurasında - nüfuzlu qeyri-hökumət elmi-tədqiqat təşkilatında çıxışı zamanı bunu bir daha təsdiq edib. Bununla yanaşı, o, növbəti dəfə qeyd edib ki, Rusiya Birləşmiş Ştatların RƏM sisteminin yaradılması planlarına cavab olaraq ilk əks tədbir görmək niyyətində deyil. "Biz həqiqətən də heç nə yerləşdirmək niyyətində deyilik", - deyə Medvedyev bildirib.
O xatırladıb ki, Çexiyada radiolokasiya stansiyasının yerləşdirilməsi və Polşada 10 raket əleyhinə bazanın yaradılması fikri "bizim fikrimiz deyil". "Lap əvvəldən bizim mövqeyimiz amerikalılar ilə razılığa gəlmək olub", - deyə Medvedyev bildirib.
Rusiya Azərbaycanın Qəbələ RLS-ni icarə əsasında istifadə edir. Bu, Rusiyanın ballistik raketlərin buraxılışının izlənməsi sisteminin tərkib hissələrindən biridir.
Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dövründə SSRİ-nin raket ədeyhinə müdafiə sisteminin elementlərindən biri kimi tikilib. Azərbaycanın müstəqillik əldə etməsindən və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Azərbaycanın daxili siyasi həyatında baş verən dəyişikliklərə baxmayaraq, Rusiya onun istifadəsini davam etdirir.
RLS-in icarəsinə dair on illik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS ilə bağlı məsələ dəfələrlə daxili siyasi müzakirələrin mövzusu olub, o cümlədən Azərbaycan parlamentində müzakirə olunub. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-dən istifadəyə görə icarə haqqının ikiqat - 7 mln.-dan 14 milyon dollara qədər artırılması barədə məsələ qaldırıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]