...

Kabilin çirkli havası şəhər sakinlərini ölümə aparır

Siyasət Materials 19 Yanvar 2009 13:00 (UTC +04:00)
Kabilin çirkli havası şəhər sakinlərini ölümə aparır

Əfqanıstan, Kabil, 19 yanvar / Trend , müxbir A.Həkimi/ Kabil şəhərinin çirkli havası Əfqanıstan rəsmilərinin ciddi narahatlığına səbəb olub. Havanın çirklənməsinin qarşısını almaq məqsədi ilə Əfqanıstan bu ölkəyə yardım edən dünya ölkələrindən 100 milyon dollarlıq yadım istəyib.

Əfqanıstan parlamenti ölkənin ticarət və sənaye nazirini Kabilin havasının çirklənməsinə səbəb olan  keyfiyyətsiz neft məhsullarının ölkəyə idxalına diqqətsiz davrandığına və nəzarət etmədiyinə görə vəzifəsindən azad etdikdən sonra, Kabilin çirkli havası ilə bağlı məsələ gündəmə gəlib.

Əfqanıstan parlament nümayəndələri bildiriblər ki, Kabil və digər böyük şəhərlərin üzləşdiyi ən ciddi problemlərdən biri havanın çirkli olmasıdır. Kabilin havasını çirkləndirən başlıca amil isə keyfiyyətsiz neft yanacaqlarından istifdə ilə bağlıdır. Hazırda şəhərin havası insan həyatı üçün təhlükə səviyyəsinədək çirklənib.    

"Kabil şəhərinin havasının çirklənməsinin qarşısını almaq məqsədi ilə ciddi addımlar atılmazsa, yaxın gələcəkdə Əfqanıstan xərçəng xəstəliyi böhranı ilə üzləşəcək və bu, minlərlə əƏfqanlının ölümünə səbəb olacaq", - deyə Əfqanıstanın Milli Ekologiyanın Mühafizəsi İdarəsinin müşaviri Carullah Mənsuri Trend -a müsahibəsində bildirib.

Mənsurinin sözlərinə görə, Kabilin çirkli havası səssiz-səmirsiz ölüm deməkdir. Çirkli hava şəhər sakinlərini müxtəlif xəstəliklərlə üzləşdirir.

Əfqanıstanın səhiyyə naziri Seyid Məhəmməd  Əmin Fatimi Kabilin çirkli havasından narahatlığını bildirib. O əlavə edib ki, Əfqanıstanda uşaq və anaların ölümünə səbəb olan əsas amillərdən biri havanın çirkli olmasıdır.

Fatiminin sözlərinə görə, çirkli hava şəraiti Əfqanıstanda ölüm sayının 4 faiz artmasına səbəb olub. Onun sözlərinə görə, çirkli hava şəraiti ildə 3 min nəfərin ölümünə səbəb olur.

Ekspertlərin fikrincə, Kabilin havasını çirkləndirən başlıca amillər, keyfiyyətsiz neft məhsullarından istifadə, nəqliyyat axınının həddən artıq intensiv olması və elektrik generatorlarından istifadədir.

"Hökumət  köhnə nəqliyyat vasitələrindən istifadəyə və istifadə olunan neft məhsullarının keyfiyyətinə nəzarət etmək məqsədi ilə bəzi işlərə başlayıb", - deyə Əfqanıstanın Milli Ekologiyanın Mühafizəsi İdarəsinin sədr müavini Dad Məhəmməd  Bəhir bildirib.

Bəhirin sözlərinə görə, hazırda prezident Hamid Kərzainin sədrliyi ilə havanın çirklənməsinin qarşısını almaq yollarını araşdırmaq məqsədi ilə xüsusi komissiya yaradılıb. Onun sözlərinə görə, hökumət çalışır ki, Əfqanıstana yardım edən ölkələrdən, havanın çirklənməsinin qarşısını almaq məqsədi ilə 100 milyon dollar yardım alsın.

Havanın çirklənməsi Əfqanıstanın ən böyük problemlərindəndir. Ölkədə olan imkanlar  bu məsələnin həllini demək olar ki, mümkünsiz edir.  Digər tərəfdən, əhali arasında şəhər mədəniyyətinin olmaması və   ətraf mühitin çirkləndirilməməsi qaydalarına əməl olunmaması havanın çirklənməsinin qarşısını almağın yaxın gələcəkdə mümkünsiz edən əsas amillərdəndir.  

Əfqanıstanın 100 milyon dollarlıq yardım istəyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunarsa,  Kabil və bəzi böyük şəhərlərin havasının çirklənməsinin qarşısını qismən almaq mümkündür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected] 

Xəbər lenti

Xəbər lenti