...

Böyük Britaniyanın "Hizbullah"la dialoqu İsrailin təhlükəsizliyinə təsir etməyəcək – XİN nümayəndəsi

Siyasət Materials 11 Mart 2009 09:28 (UTC +04:00)
Böyük Britaniyanın "Hizbullah"la dialoqu İsrailin təhlükəsizliyinə təsir etməyəcək – XİN nümayəndəsi

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir Ü.Sadıxova /

İsrail xarici siyasət idarəsinin nümayəndəsi Yiqal Palmorun sözlərinə görə, Böyük Britaniyanın Livan qruplaşması "Hizbullah"la danışıqlara başlamaq qərarı özlüyündə səhv siyasi addım olsa da İsrailin təhlükəsizliyinə birbaşa təsir göstərməyəcək.

"Hizbullah" dövlət içində dövlət yaratmış terror təşkilatı olmaqda davam edir. Britaniyanın onlarla birbaşa dialoqu Livanın təhlükəsizliyinə zərbə olacaq, - Trend -la telefon bağlantısı zamanı Yerusəlimdən Palmor bildirib.

"Röyters" agentliyinin verdiyi məlumata görə, Böyük Britaniyanın xarici işlər nazirinin müavini Bill Rammel bildirib ki, Livanda siyasi vəziyyətin yaxşılaşdığını nəzərə alaraq Britaniya "Hizbullah"la birbaşa dialoqa hazırdır. Bu, Britaniya hökumətinin Livan qruplaşmasının ünvanına səsləndirdiyi ilk müsbət bəyanat idi. 2005-ci ildə Britaniya "Hizbullah"ı qadağan olunmuş təşkilatlar sırasına aid etsə də ona terror təşkilatı statusu verməyib.

İsrail rəsmisi Palmorun sözlərinə əsasən, "Hizbulah"ın güzəştə getməsi Livanda və Yaxın Şərqdə stabilliyin faktoru deyil.

"Hizbullah" Livan daxilində və İsraildə hər zaman zor tətbiq etməklə siyasi məqsədlərinə çatıb, - Palmor deyib.

Palmorun fikrincə, "Hizbullah" Britaniya ilə dialoqdan Livanda siyasi vasitə kimi yararlana bilər və nəticədə bu, ölkədə azadlığı məhdudlaşdırar.

Palmolun sözlərinə görə, Britaniya hökumətinin qərarı Böyük Britaniyanın da təhlükəsizliyi üçün ciddi narahatçılıq yarada bilər.

"İraqın Bəsrə şəhərində girov götürülmüş və yenicə əsirlikdən azad olunmuş britaniyalı jurnalist "Hizbullah" tərəfindən əsir edilmişdi", - Palmor əlavə edib.

"Hizbullah" ABŞ, Kanada və Avstraliya da daxil olmaqla, 6 dövlət tərəfindən terror təşkilatı kimi tanınıb. Livan parlamentində 127 yerdən 17-si "Hizbullah" fəallarına məxsusdur. Partiya Livanda İsrailə müqavimət göstərən əsas gücdür və İsraillə mübarizədə silahlanmağa ixtiyarı var.

"Hizbullah" hərəkatı 1982-ci ildə İranın dini lideri Ruhulla Xameyninin ideologiyası əsasında yaradılıb. Təşkilatın əsas məqsədi Fələstin və Cənubi Livan torpaqlarında İsrail işğalına qarşı mübarizədir. Təşkilat İsrailin Yaxın Şərqdə əsas rəqibləri olan İranla Suriyanın maliyyə və hərbi dəstəyindən yararlanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti