Azərbaycan, Bakı, 09 may / Trend , müxbir S.Ağayeva /
Trend -un Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla müsahibəsi
- Bu il mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının beş ili tamam olur. Bu qısa müddət ərzində Fond tərəfindən həyata keçirilən işlərin Azərbaycan tarixinin bir hissəsinə çevrilməsi şübhə doğurmur. Fondun bu dövr ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Heydər Əliyev Fondu Azərbaycan xalqının ümummilli lideri, həyat və fəaliyyəti bizim üçün layiqli nümunə olan Heydər Əliyevin xatirəsinə hörmət əlaməti olaraq yaradılıb. Heydər Əliyev həqiqətən də fenomenal şəxsiyyət idi. Həyatımızın demək olar ki, heç bir sahəsi onun diqqət və qayğısından kənarda qalmırdı. Onun fəaliyyət spektri sərhədsiz idi. Heydər Əliyev həyatın bütün sahələrini yüksək səviyyədə bilirdi və bu, ona ölkənin sosial-mədəni inkişafını uğurla idarə etmək imkanı verirdi.
Heydər Əliyev Fondu onun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında böyük inamla bu dahi şəxsiyyətin ideyalarının, milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətimizin təbliğatına, müxtəlif sahələrin inkişafını təmin edən proqram və tədbirlərin dəstəklənməsinə, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına yönəldilmiş genişmiqyaslı layihələri həyata keçirir. Fondun bu sahələrdə vətəndaşların müsbət qiymətləndirməsinə layiq görülən fəaliyyəti həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib.
- Heydər Əliyev Fondunun yaradıcılıq fəaliyyəti nəticəsində Azərbaycanda təhsil, səhiyyə, mədəni irsin qorunması və başqa sahələrdə onlarla layihə həyata keçirilib. Yaxın perspektivdə Fondun fəaliyyətində hansı prioritet istiqamətlər müəyyən edilib?
- Bu və ya digər sahədə layihənin reallaşdırılması görüləcək tədbirlərin dəqiq işlənilməsini, işin qiymətləndirilməsini aparmağa imkan verən baza məlumatlarının toplanılmasını tələb edir. Buna görə də layihələrin həyata keçirilməsinə başlayarkən biz durumu öyrənən, onu qiymətləndirən, monitorinqlər keçirən xüsusi işçi qruplar yaradırıq, bundan sonra qarşıya qoyulan tapşırığın yerinə yetirilməsi üçün praktiki tədbirlərə əl atırıq. Fəaliyyətimizin başlanğıcında birinci dərəcəli problemlərin həlli məqsədilə bir sıra prioritet istiqamətlər müəyyən edilib: təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahə və b.
Beş il ərzində Heydər Əliyev Fondu bu sahələrdə genişmiqyaslı layihələri uğurla realizə edib, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq qurub, Bakıda beynəlxalq konfranslar və festivalların keçirilməsini təşkil edib. Fond təhsil sisteminin yaxşılaşdırılması, onun dünya təhsil sisteminə inteqrasiyası, qayğıya ehtiyacı olan insanlara yardım göstərilməsi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması və başqa bu kimi məqsədlərə istiqamətlənmiş işlərini davam etdirir.
- Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliğatı məqsədilə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Festivalı keçirildi. Azərbaycan muğamı YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilib. Bununla bağlı nə deyə bilərsiniz?
- 2003-cü ildə Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mənəvi irsinin şah əsərləri siyahısına daxil edilməsi Azərbaycan mədəniyyəti üçün həqiqətən də tarixi bir hadisə oldu. Muğam sənəti Azərbaycan xalqının mədəniyyət ənənələri və tarixində dərin köklərə malikdir. Azərbaycan dünyada muğam operası, simfonik muğam, hətta caz-muğam yaratmış yeganə ölkədir.
Mədəniyyət sahəsindəki fəaliyyətində Fond muğamın ölkəmizdə qorunması və inkişafı, həmçinin onun bütün dünyada təbliğatına xüsusi əhəmiyyət verir. Bu məqsədlə Heydər Əliyev Fondu bir sıra maraqlı və vacib layihələr həyata keçirib. Onların içərisində xüsusi yeri Beynəlxalq Muğam Mərkəzinin yaradılması üzrə böyük layihə tutur. Azərbaycan musiqisinin qurulmasında əvəzolunmaz rol oynamış muğamın şərəfinə qurulmuş möhtəşəm abidə Bakının Milli Parkında, qədim milli musiqi aləti - tar formasında ucaldılıb. 2005-ci ildə Parisdə, YUNESKO-nun mənzil-qərargahında, Fond tərəfindən hazırlanmış, 24 sənətkar tərəfindən ifa olunan muğam parçalarını əhatə edən "Qarabağ xanəndələri" musiqi albomunun təqdimat mərasimi keçirilib. Fondun muğama həsr edilmiş daha bir nəşri "Muğam ensiklopediyası"dır ki, orada toplanmış materiallar ilk dəfə bizim muğam irsimiz haqda tam təsəvvür yaradır.
2005 və 2007-ci illərdə Heydər Əliyev Fondu tərəfindən Bakıda muğam müsabiqələri keçirilib. 2009-cu ilin martında "Muğam dünyası" I Beynəlxalq Festivalın təşkili isə Azərbaycan muğamının dünya arenasına çıxmasına, dünya səviyyəsində qəbul edilən mədəniyyət ünsürünə çevrilməsinə imkan verib. Festival dünya ictimaiyyətində muğam haqda tam təsəvvürün formalaşmasına kömək edib.
Bu gün tam səmimiyyətlə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın muğamın qorunması və inkişafı uğrunda yorulmaz səyləri və əvəzolunmaz töhfələri hesabına, Azərbaycan xalqının bu qədim musiqi ənənəsi dünya musiqi mədəniyyətinin xəzinəsində öz layiqli yerini tutmuşdur.
- Fondun beynəlxalq arenada fəaliyyət planları barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev Fondu Azərbaycandan kənarda da öz fəaliyyətini genişləndirir. Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun əsas məqsədlərinə sadiq qalaraq nümayəndəliklər mədəni və sosialyönlü layihələri həyata keçirirlər: uşaq evlərinə, internat-məktəblərə, qocalar evlərinə baş çəkir, qayğıya ehtiyacı olan insanlara yardım edir; Azərbaycanın tanınmış elm və ictimai xadimlərinin xatirəsinə həsr olunmuş gecələr, Azərbaycan xalqının mədəniyyət və tarixini əks etdirən sərgi və konsertlər keçirirlər. Bütün bunlar xalqlar və ölkələr arasında əlaqələrin inkişafına xidmət edir.
Fondun RF-dəki nümayəndəliyi barədə xüsusilə qeyd etmək istərdim. Bu, Fondun Azərbaycandan kənarda yaradılan ilk nümayəndəliyidir. Leyla Əliyevanın rəhbərlik etdiyi struktur ümumtəhsil məktəbləri, xüsusilə də Moskvanın Azərbaycan etnomədəniyyət komponentləri olan 157 saylı məktəbi ilə sıx əlaqə qurur, onları lazımı texniki avadanlıq və tədris vəsaitləri ilə təmin edir. Nümayəndəlik əlil və valideyn qayğısından məhrum olan uşaqları diqqətsiz qoymur, onlar üçün müxtəlif tədbirlər həyata keçirir, bayram günlərində mərasimlər təşkil edir. Leyla Əliyevanın təşəbbüsü ilə Sankt-Peterburq şəhərinin 46 saylı internat-məktəbində tərbiyə alan uşaqlar qrupu və onların pedaqoqları 2008-ci ilin avqustunda bizim qonağımız olub. Uşaqların ölkəmizin görməli yerlərini gəzməsi və mədəni-tarixi abidələrimizlə tanış olması üçün bütün şərait yaradılıb.
Nümayəndəliyin əsas fəaliyyət istiqamətlərindən biri gənclərlə işdir. Rusiyanın bir sıra ali təhsil müəssisələrində Azərbaycan klubları yaradılıb. Nümayəndəliyin fəaliyyətinin genişləndirilməsi məqsədilə Leyla Əliyeva Rusiyanın müxtəlif vilayətlərinə səfər edir, burada yaşayan və təhsil alan azərbaycanlı gənclərin problemləri ilə maraqlanır, onların həlli üçün müəyyən tədbirlər görür, yerli təşkilatlarla əməkdaşlığı qaydaya salır. 2008-ci ilin fevralında Leyla Əliyevanın Sankt-Peterburqa səfəri çərçivəsində Heydər Əliyev Fondu ilə Rusiya Milli Kitabxanası arasında əməkdaşlıq haqda müqavilə imzalanıb ki, bu da çap məhsullarının gələcək mübadiləsi üçün şərait yaradıb.
Fondun Azərbaycandan kənarda həyata keçirdiyi uğurlu işlərdən biri də Pakistanda qızlar üçün yeni orta məktəb binasının tikintisidir. 2005-ci ilin 8 oktyabrında baş verən, çoxsaylı insan tələfatına və Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra, Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb yararsız hala düşmüşdü. Qısa müddət ərzində tikilmiş, hazırda 650 nəfərdən çox qızın təhsil aldığı yeni tədris müəssisəsi müasir avadanlıq və Azərbaycan haqqında da olan əyani vəsaitlərlə təmin edilib.
Heydər Əliyev Fondu bəşəriyyətin mədəniyyət abidələrinin bərpasında iştirak edir. Belə ki, 2007-ci ildə Fond Dünya irsi siyahısına daxil edilmiş, Parisdəki Versal sarayının parkında sərgiyə qoyulmuş, zamanla və iqlimin təsiri altında zərər görmüş iki abidənin bərpasını həyata keçirib.
Fond BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Proqramı (UNFPA), YUNESKO, İSESKO, Amerikanın qeyri-hökümət təşkilatı "Vital Voice" və bir sıra digər nüfuzlu təşkilat və fondlarla sıx əməkdaşlıq edir.
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi ilə bağlı layihə həyata keçirilib. Bakının Nərimanov rayonunda yerləşən görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat-məktəbdə model İKT sinfi, audio kitabxana, tədris mərkəzi, həmçinin kitabxana fondunun audio formata keçirilməsi üçün səsyazma studiyası yaradılıb. Hazırda BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə Gəncədə analoji problemləri olan insanlar üçün mərkəz tikilir.
Heydər Əliyev Fondu tərəfindən Bakıda Azərbaycan xalqının dəyərlərinin təbliği və beynəlxalq əlaqələrin inkişafına böyük təsir göstərən bir sıra konfrans, forum və simpoziumlar keçirilib.
- Fond öz fəaliyyətində qayğıya ehtiyacı olan uşaqlara böyük diqqət yetirir. Onlarla uşaq evləri təmir və ən müasir avadanlıqlarla təmin edilib. Bu sahədə gələcək fəaliyyət planları nədən ibarətdir?
- Valideyn himayəsindən məhrum olan uşaqlara qayğı Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi məsələdir. O, uşaq evləri və internat-məktəblərə tez-tez baş çəkir, uşaqların problemləri, onların yaşayış və təhsil şəraiti ilə maraqlanır. Bu gün Fondun əməkdaşları mütəmadi olaraq uşaq evləri və internat-məktəblərə baş çəkir, uşaqlarla görüşür, onlar üçün bayramlar, müsabiqələr təşkil edir və s.
Fondun "Uşaq evləri və internat-məktəblərin inkişafı" proqramı çərçivəsində respublikada 31 uşaq təsisatı əsaslı şəkildə təmir və yeni avadanlıqlarla təmin olunub, əlavə tədris binaları tikilib, kommunal şərait yaxşılaşdırılıb. Uşaq evləri və internat-məktəblərin çoxunda kompyuter avadanlığı quraşdırılıb, kitabxanalar açılıb, müvafiq tədris vəsaitləri ilə təmin olunub. Uşaqların asudə vaxtlarının səmərəli keçməsinin təmin edilməsi məqsədilə yay düşərgələri təmir edilir və yeniləri tikilir. Fond uşaq evlərinin nəzdində fəaliyyət göstərən musiqi evlərini lazımi alətlərlə təmin edir. Fond uşaqların xarici ölkələrdə təşkil edilən beynəlxalq müsabiqələrdə iştirak etməsini təmin edir, həmçinin başqa ölkələrin uşaq müəssisələrində tərbiyə alan uşaqların Azərbaycana gəlmələri və ölkənin tarixi və zəngin mədəniyyəti ilə tanış olmaları üçün geniş imkanlar yaradır.
- Heydər Əliyev Fondu Azərbaycan haqda və Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi haqda həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə hansı işləri görür?
- Bu, Fondun prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu istiqamətdə məqsədyönlü fəaliyyət 2005-ci ildə başlayıb. Məhz bu zaman Fond Azərbaycan reallıqlarının yayılması və maddi-mənəvi dəyərlərimizin populyarlaşdırılması məqsədilə həcmi, məzmunu və material tutumuna görə ölkədə analoqu olmayan www.azerbaijan.az portalını hazırlayıb.
Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun bu istiqamətdə realizə etdiyi layihələrin içərisində Qarabağın tarixi, münaqişənin başlanğıcı, onun ölkəmizə vurduğu ziyan, Xocalı faciəsi, ermənilərin dünyanın müxtəlif ölkələrində törətdikləri terror aktları haqda faktları əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusu, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən məbəd və başqa mədəni-tarixi abidələr haqda dolğun informasiya daşıyan "Müharibə və bizim tarixi-mədəni abidələrimiz" və Ermənistan tərəfindən Azərbaycan mədəniyyəti, maddi-mənəvi irsimizə qarşı məqsəduyğun şəkildə həyata keçirilən vandalizm siyasəti və onun acı nəticələri haqqında bəhs edən "War Against Azerbaijan: Targeting Cultural Heritage" - "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarının bir neçə dildə nəşri də vardır. Sonuncu kitabın təqdimat mərasimi bir sıra Avropa şəhərlərində həyata keçirilib.
2007-ci ildən başlayaraq Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr edilən aksiyalar, "dəyirmi masalar", seminarlar həyata keçirir. Təşkil olunan mərasimlərdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan "Xocalı soyqırımı" filmi, fotoşəkillər və Xocalı faciəsi haqqında müxtəlif zamanlarda müxtəlif xarici ölkə nəşrlərində çap olunmuş materiallar, Fond tərəfindən ümumtəhsil məktəbləri və uşaq evlərində "Xocalı uşaqların gözündə" mövzusunda keçirilən müsabiqədə çəkilən rəsm əsərlərindən seçilmiş ekspozisiyalar nümayiş etdirilir. Bu tədbirlərə müxtəlif strukturların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, həmçinin KİV nümayəndələri də dəvət edilir.
Biz Azərbaycan reallıqlarının yayılması işinə öz töhfəmizi verməyi borcumuz hesab edirik və Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həqiqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması naminə əlimizdən gələn hər şeyi etməyə çalışacağıq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]