...

Azərbaycan hakimiyyəti seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını qeyri-mümkün sayır

Siyasət Materials 10 İyun 2009 11:05 (UTC +04:00)
Azərbaycan hakimiyyəti seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını qeyri-mümkün sayır

Fransa, Strasburq, 10 iyun / Trend , müxbir A.Məhərrəmli /

Azərbaycan hakimiyyəti hesab edir ki, seçki komissiyalarının paritet əsasda formalaşdırılması qeyri-mümkündür.

"Seçki komissiyalarının paritet əsasda formalaşdırılması qeyri-mümkündür. Ən azından hazırkı Azərbaycan şəraitində qeyri-mümkündür, çünki Azərbaycanda siyasi təşkilatlar, siyasi partiyalar qanunun tələblərini, prinsipial razılaşmaları öz siyasi ambissiyaları, siyasi maraqları çərçivəsində daima pozurlar", - çərşənbə günü Trend -a eksklüziv müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının ötən il oktyabrın 15-də keçirilən prezident seçkisi öncəsi birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, prezidentliyə namizədlərin dövlət televiziyası və radiosunda, dövlət mətbuat orqanlarında pulsuz təbliğatının aparılması qadağan olunub. Həmçinin özəl telekanallarda namizədlərin təbliğatının "Reklam haqqında" qanuna uyğun aparılması qeyd olunub.

Seçki Məcəlləsinin əvvəlki variantında prezidentliyə namizədlərə dövlət televiziyası və radiosunda pulsuz 6 saat efir vaxtı verilirdi. Bundan əlavə, namizədlər özəl telekanallarda sutka ərzində seçki təbliğatı apara bilərdilər. Hazırda prezidentliyə namizədlər yalnız İctimai Televiziyada pulsuz efir vaxtından istifadə edə biləcəklər.

Əlavə və dəyişikliklərdə Azərbaycan müxalifətinin təklif etdiyi seçki komissiyalarının paritet əsasda formalaşdırılması əksini tapmayıb. Venesiya Komissiyası seçki komissiyalarının paritet əsasda formalaşdırılmasının vacibliyini vurğulayır.

Həsənov deyib ki, Venesiya Komissiyasının tövsiyələri başa düşüləndir.

"Venesiya Komissiyası üzv ölkələrdə bu fəaliyyətlə məşğul olmalıdır və Azərbaycanda da məşğul olur, amma Azərbaycan reallığı bizim üçün əsas şərtdir. Azərbaycanın milli və ictimai maraqları, sabitlik və digər məsələlər, seçki institutlarının dinamik fəaliyyəti bizim üçün əsas məsələdir. Bu, həm də Avropa Şurası  standartları çərçivəsində həyata keçirilir", - Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti