...

İranda keçiriləcək prezident seçkilərində Musəvinin qələbə şansı çoxdur

Siyasət Materials 12 İyun 2009 11:08 (UTC +04:00)
İranda keçiriləcək prezident seçkilərində Musəvinin qələbə şansı çoxdur

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir T.Cəfərov /

İranda keçiriləcək prezident seçkilərində əhalinin aktivləşməsi və əhali arasında yaşanan seçki həyəcanı göstərir ki, xalq ölkədəki mövcud vəziyyəti dəyişməkdə maraqlıdır. Əhalinin Mir Hüseyn Musəviyə verdiyi dəstək onun qələbə şansını artırıb, lakin digər rəqiblərin də güclü olması nəzərə alınarsa, seçkilərin ilk mərhələsində Musəvinin qələbə qazanması ehtimalı azdır və çox güman ki, seçkilər ikinci mərhələyə qalacaq. 

İran Jurnalistlər Birliyinin baş katibi və siyasi ekspert Maşallah Şəmsulvaezin Trend -a bildirib ki, aparılmış son ictimai sorğuların nəticələrinə əsasən, Mir Hüseyn Musəvi keçiriləcək prezident seçkilərində qələbə qazanacaq.

İranda əsas rəqib cinahlar İslahatçılar və Mühafizəkarlar-dır (İslahatçılar və Üsulgəralar). Hər iki cinahdan iki nəfər namizədliyini irəli sürüb. Üsulgəralar düşərgəsindən Möhsün Rizayi və Mahmud Əhmədinejad, İslahatçılar düşərgəsindən isə Mir Hüseyn Musəvi və Mehdi Kərrubi. İranın daxili KİV-ləri apardıqları sorğularda bu dörd namizəd arasından özlərinin dəstəklədikləri namizədlərin  qələbə qazanacaqlarını proqnozlaşdırıb, xüsusilə də Musəvi və Əhmədinejadı dəstəkləyən KİV-lər daha aktiv şəkildə sorğular keçiriblər.

Ekspertlərin fikrincə, 1997-ci ildə keçirilən prezident seçkilərində, seçki hüququna mailk əhalinin 80 faizinin seçkilərdə iştirak etməsi nəticəsində islahatçı Məhəmməd Xatəmi qələbə qazandı və  2005-ci ildə keçirilən prezident seçkilərində üsulgəra Əhmədinejad öz qələbəsini xalqın seçkilərdə aktiv iştirak etməməsinə borcludur.

Qlasko universitetinin professoru, Londonda fəaliyyət göstərən iranlı ekspert Rza Təqizadə Trend -a bildirib ki, əhalinin son dəqiqədə nə qərar qəbul edəcəyini proqnozlaşdırmaq çox çətindir, lakin seçkilərdə əhalinin əksəriyyəti iştirak edəcək, bu baxımdan Üsulgəraların seçkilərdə qələbə şansı azalır.

Şəmsulvaezin hesab edir ki, hazırda İrandakı daxili siyasi vəziyyət göstərir ki, 26 milyon nəfəri təşkil edən "sakit kütlə" (bundan əvvəl, seçkilərdə iştiraka maraq göstərməyənlər) bütün gücü ilə seçkilərdə iştirak etmək niyyətindədir. "Bu məsələ seçkilərin taleyini həll edəcək, bu baxımda fikrimcə, Mir Hüseyn Musəvi qələbə qazanacaq. "Sakit kütlə"nin seçkilərdə aktiv iştirakı seçkilərin nəticəsinin Musəvinin xeyrinə dəyişəcək", - deyə Şəmsulvaizin telefonla Tehrandan bildirib.

2005-ci ildə keçirilən prezident seçkilərində bəzi cinahların seçkiləri boykot etməsi və xalqın minimum iştirakı Əhmədinejadın qələbəsi ilə nəticələndi. Belə ki, İranın Kürdüstan kimi əyalətində seçki hüququna malik əhalinin 30 faizi seçkilərdə iştirak etməmişdi. Hazırda İranda 46 milyon 200 min nəfər seçki hüququna malikdir.

Təqizadə belə düşünür ki, seçkilər ikinci mərhələyə qalacaq. "Çox ehtimal olunur ki, namizədlərdən iki güclü rəqib yüksək səs toplamaqla ikinci mərhələyə qalacaq. Onlar Əhmədinejad və Musəvidir. Onların 50 faizdən artıq səs toplaması gözlənilmir. İranda seçkilərdə 75 faizə qədər əhalinin iştirakı gözlənilir", - deyə Təqizadə telefonla Londondan bildirib.

Birinci mərhələdə qalib gəlmək üçün 50 faiz səs toplamaq lazimdir. Təqizadənin fikrincə, birinci mərhələdə namizədlərdən hər biri qələbə qazanmaq üçün 18 milyon səs toplamalıdır.

"Hazırda seçkilərdə 4 güclü namizəd rəqabət aparır. İslahatçılar düşərgəsindən Kərrubi digər namizəd Musəvinin, Üsulgəralar düşərgəsindən Rezayi digər namizəd Əhmədinejadın səsinin bir hissəsini özünə tərəf çəkəcək. Bu baxımdan 18 milyon nəfərin bir namizədə səs verməsi gözlənilmir. Səslər bölünəcək və ona görə seçkilərin ikinci mərhələyə qalacağı gözlənilir", - deyə Təqizadə bildirib.

Digər iranlı ekspert, Tehran Dövlət Universitetinin professoru Sadiq Zibakəlam isə hesab edir ki, Seçkilərdə Musəvinin qələbə qazanmaq şansı daha çoxdur. "İranda əhalinin 70 faizini gənclər təşkil etdiyini nəzərə alsaq, əhalinin əksəriyyəti, xiyabanlardakı gənclər, xüsusilə də ziyali təbəqə, tələbələrin əksəriyyəti Musəvini dəstəkləyir.

"İrandakı hazırkı mühit göstərir ki, əhali prezident Əhmədinejadın yürütdüyü siyasət və gördüyü işlərdən çox da razı deyil. Bu səbəbdən əhali Musəvini dəstəkləməyə meyl göstəriri", - deyə Zibakəlam bildirib.

Əhmədinejadın rəqibləri onun iqtisadi siyasətini tənqid edirlər. Əhmədinejadın hakimiyyəti dövründə infilyasiyanın səviyyəsi 25 və işsizliyin səviyyəsi isə 11.2 faizə çatıb.

Təqizadə hesab edir ki, seçkilər ikinci mərhələyə qalarsa, seçkilərdə əhalinin əksəriyyəti Musəvinin tərəfdarı olduğu üçün onun qələbə qazanmaq şansı daha çoxdur.

Onun fikrincə, əhali arasında Musəvi əhaliyə yaxın namizəd kimi, Əhmədinejad isə İran dövlətinə yaxın bir namizəd kimi tanınır. Bu baxımdan müstəqil iştirak edən əhalinin səsləri Musəvinin xeyrinə olacaq.

İranda prezident seçkiləri iyunun 12-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti