Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir S.Ağayeva /
Rəsmi Bakı Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi nəzərə alınmaqla Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının tərəfdarıdır.
"Əgər bu təşəbbüs Xəzəryanı ölkələrin daha sıx əməkdaşlığını nəzərdə tutursa, Azərbaycan onun reallaşmasına qarşı deyil. İqtisadi əməkdaşlığın yaradılması ideyası irəli sürülürsə, o zaman ilk növbədə Xəzərin hüquqi statusu müəyyən edilməlidir, yalnız bundan sonra bu təşkilatın yaradılması prosesi haqqında düşünmək olar", - bazar ertəsi Trend -a Azərbaycanın Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Rusiya Prezidenti Dmitri Medvedyev bu yaxınlarda Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması təklifi ilə çıxış edib.
"Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri bütün Xəzəryanı dövlətlər ilə sıx əməkdaşlıqdır. Azərbaycan Xəzəryanı ölkələr kimi, bütün Mərkəzi Asiya ölkələri ilə də daha yaxından əməkdaşlıq etmək istərdi", - Məmmədov bildirib.
O deyib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə müəyyən addımlar atılıb və bu addımları davam etdirərək ölkələr arasında Xəzərin sektor bölgüsü üzrə məsələni həll etmək vacibdir.
"Azərbaycan artıq Rusiya və Qazaxıstan ilə Xəzər üzrə razılığa gəlib, İran və Türkmənistan ilə problemlər qalmaqdadır. Bu ölkələrlə danışıqlar davam edir, hələ ki onlarla tam razılıq yoxdur, lakin düşünürəm ki, əvvəl-axır biz razılıq əldə edəcəyik", - Məmmədov bildirib.
Məmmədov hesab edir ki, tərəflər ümumi mövqe yaratmalıdırlar.
Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan arasında qarşılıqlı iddiaıar yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr mövcuddur. Tərəflər həmçinin ayırıcı xəttin koordinatının müəyyənləşdirilməsində də həmfikirdirlər. Məsələ yalnız iki ölkə ilə - Türkmənistan və İranla razılaşdırılmayıb. Bu səbəbdən uzunmüddətli müzakirələrə baxmayaraq, Xəzərin statusu hələ də müəyyənləşdirilməyib.
Xəzəryanı ölkələrdən ilk olaraq Azərbaycan dünyanın ən böyük gölünün sərhədinin çəkilməsinə və öz suverenliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə olaraq Xəzər dənizində öz sektorunun olması barədə elan edib və 1994-cü ilin sentyabrında PSA (production sharing agreement) - məhsul bölüşdürülməsi haqqında müqavilə modeli üzrə Qərb şirkətləri ilə beynəlxalq müqavilənin ("Əsrin müqaviləsi") bağlanılması ilə bunu təsbit edib. Bu, 1995-ci ildə Azərbaycanın Əsas qanununda öz əksini tapıb.