Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın bir qrup müxalifət partiyasının təmsil olunduğu ittifaq parlament seçkilərində irəli sürüləcək namizədlərin siyahısını müəyyənləşdirməyə başlayıb.
"Bizim parlament seçkisi ilə bağlı artıq 19 seçki dairəsində irəli sürüləcək namizədlərimizin adları ittifaqa daxil olan partiyaların rəhbərlərinin birgə müzakirəsi zamanı dəqiqləşdirilib", - bazar ertəsi Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.
Trend -un arayışı: Azərbaycanda parlament seçkisi 2010-cu ilin payızında keçirilməlidir.
Musayevin sözlərinə görə, ittifaqda təmsil olunan bəzi partiyalar gələn il keçiriləcək parlament seçkilərinə hazırlığa indidən başlanılmasını daha məqsəduyğun hesab edirlər. "Biz onsuz da bu il keçiriləcək bələdiyyə seçkilərinə hazırlığa start vermişik. Amma bəzi partiyalarda hesab edirlər ki, bələdiyyə seçkilərində çoxsaylı namizədlərlə iştirak etmək zəruri deyil. Ona görə indidən parlament seçkilərinə hazırlaşmağı daha məqsədəuyğun hesab edirik", - partiya sədri əlavə edib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabrında keçiriləcək. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. May ayında Azərbaycan parlamentində "Bələdiyylərin birləşdirilməsi haqqında" qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.
Musayevin fikrincə, DUİ-nin parlament seçkilərində dəstəkləyəcəyi namizədlər arasında partiya mənsubiyyəti olmayan insanların da olması mümkündür.
"Azərbyacanda heç bir partiyanın üzvü olmayan kifayət qədər tanınmış şəxslər var. Zərurət yaranarsa, biz həmin şəxsləri də namizəd kimi dəstəkləyə bilərik", - Musayev vurğulayıb.
Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassık Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]