İran, Tehran, 26 oktyabr / Trend , müxbir E.Hüseynov /
İranın XİN ümid edir ki, ölkə hökumətinə təqdim edilən Azərbaycan və bir sıra ölkələr ilə viza rejiminin birtərəfli ləğvi barədə layihə yaxın zamanda təsdiqlənəcək, bu barədə Tehranda mətbuat konfransında İranın xarici işlər naziri Manuçöhr Müttəki bildirib.
"İran tərəfi iki xalq arasında ikitərəfli münasibətlərin və əlaqələrin inkişafı məqsədilə tədbirlər görür", - Müttəki Trend -un müxbirinin sualına cavab verərək bildirib. Nazir deyib ki, bu tədbirlərdən qonşu Azərbaycan ilə viza rejiminin birtərəfli ləğvi barədə təklifdir.
"XİN parlamentə öz təkliflərini təqdim edib, parlament isə qanunverici əsasda bizim təkliflərimizi nəzərdən keçirəcək. Biz ümid edirik ki, yaxın zamanda bu məsələ nəzərdən keçiriləcək və təsdiq ediləcək", - Müttəki bildirib.
İranın XİN rəhbəri Azərbaycan tərəfinin də bu kimi cavab adımı atacağına ümid etdiyini bildirib.
Müttəkinin xarici KİV-lər üçün mətbuat konfransı oktyabrın 19-dan etibarən Tehranda keçirilən Mətbuat və İnformasiya Agentliklərinin XVI Beynəlxalq Sərgi-Konfransının sonuncu günü keçirilib.