Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/
Ermənistandakı Rusiya biznesi mənşə və quruluş baxımından Türkiyə biznesindən çox fərqlidir və çətin ki, onlar arasında rəqabət yaransın. Cənubi Qafqaz üzrə ekspert Sergey Markedonov belə hesab edir.
"Ermənistandakı Rusiya biznesi böyükdür və hakimiyyətlə bağlıdır. Bu, pərakəndə satış və yeni satış mərkəzlərinin açılması deyil. Buna görə də türk biznesini Rusiya biznesinin rəqibi adlandırmaq olmaz", - çərşənbə axşamı Siyasi və Hərbi Analiz İnstitutunun millətlərarası əlaqələr şöbəsinin rəhbəri Markedonov Moskvadan telefonla Trend -a bildirib.
O hesab edir ki, əgər Ermənistanla Türkiyə arasında münasibətlər normallaşarsa, Ermənistan bazarı Türkiyə biznesinə açıq olacaq. Markedonovun sözlərinə görə, Ermənistanla Türkiyə arasında bu gün də əlaqələr var. Amma bu əlaqələr üçüncü, dördüncü ölkələr vasitəsilə həyata keçirilir və hətta bu distansiyalı əməkdaşlıq üzərində ixtisaslaşan strukturlar da mövcuddur.
Ekspertin sözlərinə görə, sərhədlərin açılacağı təqdirdə Ermənistanda olan Rusiya biznesinin nə qədər zərər çəkəcəyi ilə bağlı suallar yaranır. Ekspert hesab edir ki, Ermənistanda olan Rusiya biznesi daha böyükdür.
"Əlbəttə, gələcəkdə hər hansı türk biznesinin Ermənistanda inkişafı mümkündür, amma hazırda bu çox uzaq perspektivdir", - Markedonov hesab edir.
"Türkiyə ilə sərhədlərin açılmasında Ermənistan haradasa udur, ancaq iqtisadi sahədən çox siyasi sahədə", - ekspert deyib.
Onun sözlərinə görə, Türkiyə sahibkarlığının Ermənistana gətirilməsi bu ölkədə müəyyən problemlər yarada bilər. Belə ki, Türkiyə biznesi yaxşı təşkil edilib və Ermənistan sahibkarları ciddi rəqabətlə üzləşə bilərlər.
"Ermənistan Türkiyə və Azərbaycan ilə sərhədlərinin bağlı olduğu son 18 il ərzində iqtisadi kollapsa uğramayıb. Buna görə də sərhədlərin açılmasından sonra hər hansı xüsusi iqtisadi qazanc haqqında fikirləşməyə dəyməz", - Markedonov deyib.
Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında protokol imzalanıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildən mövcud deyil.