...

Bavariyanın dövlət naziri Bakıda enerji layihələrini və "Şərq Tərəfdaşlığı" proqramını müzakirə edəcək

Siyasət Materials 21 Aprel 2010 09:00 (UTC +04:00)
Bavariyanın federal və Avropa məsələləri üzrə dövlət naziri Emiliya Müller Bakıya səfəri zamanı qazın Xəzər dənizindən və Mərkəzi Asiyadan Avropaya nəqlini nəzərdə tutan "Nabucco" boru kəməri layihəsini müzakirə edəcək.
Bavariyanın dövlət naziri Bakıda enerji layihələrini və "Şərq Tərəfdaşlığı" proqramını müzakirə edəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir Y.Ostapenko/

Bavariyanın federal və Avropa məsələləri üzrə dövlət naziri Emiliya Müller Bakıya səfəri zamanı qazın Xəzər dənizindən və Mərkəzi Asiyadan Avropaya nəqlini nəzərdə tutan "Nabucco" boru kəməri layihəsini müzakirə edəcək.

"Mən Avstriyada, bu boru kəmərinin o biri başında danışıqlar aparmışam. İndi də layihəni ("Nabucco") onun göndəriş nöqtəsində - Azərbaycanda müzakirə etmək istəyirəm", - Müller aprelin 21-22-də Bakıya səfəri ərəfəsində Trend-ə müsahibəsində deyib.

Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolundan danışan Müller mühüm birgə layihələr sırasında planlaşdırılan "Nabucco" qaz kəmərini də göstərib.

"Nabucco"nun avropalı səhmdarları boru kəmərinin qazla doldurulması üçün "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində hasil olunacaq yanacağa ümid edirlər. 7,9 milyon avro dəyərində "Nabucco"nun səhmdarı 16,67 faiz payla Almaniyanın RWE şirkətidir.

Müller çıxarılan yanacaqla yanaşı, bərpa olunan enerji mənbələrinin daha çox aktuallıq kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Bavariyanın bir çox şirkətləri bərpa olunan enerji mənbələrinin, məsələn, günəş enerjisi əsasında işləyən keyfiyyətli məhsullar istehsal edirlər.

"Bavariya müəssisələri innovasiyalı yüksək texnoloji məhsulların geniş spektrini təqdim edir. Eko-texnologiyalarda Bavariya nou-hausu, məsələn, çirkab suların təmizlənməsi üçün qurğular və inşaat texnologiyaları Azərbaycan üçün xüsusi maraq kəsb edə bilər", - o deyib.

Bavariyanın dövlət naziri Azərbaycanla qarşılıqlı əməkdaşlıq üçün ən perspektivli sahələr sırasında kənd təsərrüfatını göstərib.

"Kənd təsərrüfatının bir çox istiqamətlərində - heyvandarlıqdan tutmuş, bu sahədə mütəxəssislərin hazırlanmasına kimi - yeni layihələrə dair ideyalar var", - o deyib.

Müller Bakıya səfəri zamanı Azərbaycanın 2009-cu ildən iştirak etdiyi Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının gələcək inkişafı ilə bağlı planları haqqında bilmək niyyətindədir.

"Bizim siyasi əməkdaşlığımız hələ ilkin mərhələdədir və səfərimdə məqsəd onu irəlilətməkdir", - Müller vurğulayıb.

Xəbər lenti

Xəbər lenti