Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Y.Ostapenko/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlindeni qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Etimadnamənin surətini təqdim edən Uyterlinde ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan qonaq fəaliyyəti dövründə Niderland-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
Öz növbəsində nazir Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə holland diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.