...

Cəmiyyətə fayda verə bilməyən insanların seçkiyə qatılmaları seçicilərə hörmətsizlikdir – Azərbaycanın hakim partiyasının sədr müavini (MÜSAHİBƏ)

Siyasət Materials 26 Oktyabr 2010 11:54 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Trend-ə müsahibəsi
Cəmiyyətə fayda verə bilməyən insanların seçkiyə qatılmaları seçicilərə hörmətsizlikdir – Azərbaycanın hakim partiyasının sədr müavini (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir M.Əliyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun Trend-ə müsahibəsi

- Azərbaycanda seçki kampaniyasının gedişini necə dəyərləndirirsiniz?

- Seçkinin təşviqat kampaniyası davam etməkdədir. Güman edirəm, Azərbaycan cəmiyyətində hissolunan dərəcədə seçki ab-havası duyulmaqdadır. Bunun bir göstəricisi ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən partiyaların böyük bir hissəsi ölkəmizdə keçirilən Parlament seçkilərinə qatılır - Mərkəzi Seçki Komissiyasında öz namizədlərini qeydiyyata aldırmış 30-dan yuxarı partiya mövcuddur. Bu, partiyalar səviyyəsində siyasətlə məşğul olan, Parlamentdə təmsil olunmaq istəyən partiyaların seçkiyə böyük marağından xəbər verir. Digər bir tərəfdən, bütövlükdə cəmiyyət kəsimində də seçkiyə marağın olduğunu ayrıca qeyd etmək istəyirəm. Bu həm namizədliyi irəli sürülən şəxslərin təşviqat kampaniyasının genişmiqyaslı olması, həm də bütövlükdə Azərbaycan vətəndaşlarının və seçicilərinin əhəmiyyətli bir hissəsinin qarşıdan gələn Parlament seçkilərində məhz kimlərin təmsil olunmasına maraq göstərmələri ilə əlaqədardır.

Ola bilsin, müxtəlif qurumlar ayrılıqda vətəndaşlar səviyyəsində seçkiyə o qədər böyük diqqətin olmadığını bildirsinlər, amma mən özüm seçicilərlə keçirdiyim görüşlərdə bu marağın kifayət qədər yüksək səviyyədə olduğunu müşayiət etmişəm. Yəni vətəndaş və seçici prizmasından yanaşdıqda da seçki əhval-ruhiyyəsinin yüksəkliyini təsdiq etmək mümkündür.

Seçki kampaniyasının gedişi üçün Azərbaycan hökumətinin həyata keçirdiyi işlər nöqteyi-nəzərindən yanaşsaq da, Parlament seçkiləri kampaniyasının kifayət qədər qanun çərçivəsində, ədalətli və şəffaf keçirilməsi üçün hazırlanmış şərtlər daxilində baş verdiyini demək mümkündür.

Seçkilərin normal, ədalətli qanun çərçivəsində, Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq və eyni zamanda, seçki yarışmasının təşkil olunmasına kömək edən bir mühitdə və formada keçirildiyini söyləmək mümkündür.

- Yeni Azərbaycan Partiyasının təşviqat prosesi nə səviyyədə aparılır? Nəzərdə tutulan seçki təbliğatı nə dərəcədə yerinə yetirilir? Ötən seçkilərdə müşayiət etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının kütləvi aksiyalar keçirmək niyyəti varmı?

- Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası dairələrin əksəriyyətindən öz namizədlərini irəli sürüb və qeyiyyata alınıb. Təşviqat kampaniyasında da bizim əvvəlcədən müəyyənləşdirdiyimiz proqram əsasında seçicilərlə görüşlərimiz keçirilir. Bizim təşviqat kampaniyası zamanı qarşımıza qoyduğumuz əsas məqsəd seçicilərlə görüşüb öz mesajlarımızı və proqramlarımızı onların diqqətinə çatdırmaqdan ibarətdir. Bununla əlaqədar, 2010-cu ilin seçki taktikasının çox önəmli bir cəhətini ayrıca vurğulamaq istəyirəm. Bu da "qapı-qapı" təşviqat prinsipi deyilən bir prinsipin Yeni Azərbaycan Partiyasının hər bir namizədi tərəfindən geniş şəkildə tətbiq edilməsidir. Belə bir taktikanın seçilməsi hər şeydən əvvəl, vurğuladığım məqsədə nail olmaqdır. Kütləvi aksiyalar vasitəsilə bütün seçiciləri əhatə etmək sadəcə mümkün deyil. Və beləliklə də biz kütləvi aksiyalar vasitəsilə bir tərəfdən, seçicilərlə lazım olan ünsiyyəti yarada bilmirik, ikinci bir tərəfdən, onlara mesajlarımızı çatdıra bilmirik; üçüncüsü isə seçicilərin, konkret olaraq, bizim irəliyə sürdüyümüz namizədlərlə bağlı rəyini dəqiqliklə öyrənə bilmirik. Bunu həll etməyin yolunu biz "qapı-qapı" təşviqat prinsipinin tətbiq edilməsində görürük və ona görə də indi bizim namizədlərimiz bütün dairələrdə seçicilərin əksəriyyəti ilə görüşməyə üstünlük verirlər.

Fiziki cəhətdən hər bir namizədin özünün bütün seçiciləri ilə görüşmək imkanı olmadığı halda, bu işləri bizim irəli sürdüyümüz namizədlərin səlahiyyətli nümayəndələri həyata keçirirlər. Düşünürəm, biz bu prinsipi tətbiq etməklə, daha çox seçicilərlə birbaşa ünsiyyət yaradılmasına nail ola biləcəyik.

Bu günə qədər kütləvi aksiyaların keçirilməsinə elə bir zərurət görmürük. İnsanlar da birbaşa ünsiyyət formasına daha çox üstünlük verirlər və biz bunu keçirdiyimiz görüşlərdə aydın şəkildə müşahidə edə bilirik. Amma biz nə zaman hiss etsək ki, Yeni Azərbaycan Partiyası tərəfdarlarının emosiyalarını hərəkətə gətirməkdən ötrü hər hansı bir kütləvi aksiyaya ehtiyac var, onda bu formadan istifadə edə bilərik. Digər tərəfdən qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının tərəfdarlarının emosional şəkildə qarşıdan gələn Parlament seçkilərinə hazırlığı və bu prosesdə iştirak etmələri də kifayət qədər qənaətbəxşdir və bu mənada, bu gün üçün hələlik kütləvi aksiya keçirmək zərurəti görülmür.

Bizim digər çox əhəmiyyətli təşviqat məqsədimiz seçki proqramımızı və onun müddəalarını seçicilərə çatdırmaq, izah etmək və onlarda müsbət rəğbətin formalaşmasına nail olmaqdır. Biz qəti şəkildə əminik ki, seçkinin taleyini yalnız və yalnız seçicilər və onların rəyləri formalaşdırır; belə olan halda qarşımıza qoyduğumuz məqsədlərə nail olmaqdan ötrü seçicilərin bizim proqramımızla tanış olmasına və  səmimi şəkildə həm Azərbaycan xalqına, həm də konkret olaraq, seçicilərə xidmət etmək niyyətimizi onlara çatdıra bilməyimizdir. Bu istiqamətdə, güman edirəm ki, qarşımıza qoyduğumuz məqsədə nail ola biləcəyik.

Biz bütövlükdə bu seçki kampaniyasına gedərkən hakimiyyətdə olan bir partiya kimi Azərbaycanda ötən Parlament seçkilərindən keçən dövr ərzində həyata keçirilən geniş quruculuq, abadlıq, inkişaf proqramını və onun nəticələrini nəzərdə tuturuq və ona istinad edirik. Belə hesab edirik ki, Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə Azərbaycan vətəndaşlarının çox böyük inamı, bu siyasətin həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərə yüksək qiymət verilməsi Yeni Azərbaycan Partiyasının bütövlükdə seçki kampaniyasının ən etibarlı və ən güclü resursudur. Prezidentin nüfuzu, ona olunan hörmət seçki kampaniyasında onun rəhbərlik etdiyi partiyanın uğurlarının mərkəzində və əsasında dayanır. Biz təşviqat kampaniyası gedişində bunu aydın şəkildə müşahidə edirik. 2005-ci ilin seçki kampaniyası zamanı bizim bu və ya digər dairələrin ərazisində keçirdiyimiz görüşlər zamanı səsləndirilən bir sıra iradlar, mövcud problemlər artıq 2010-cu ildə seçicilər tərəfindən səsləndirilmir, çünki bu problemlər öz həllini tapıb. Və təbii olaraq bütün bunların hamısı - istər işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən proqramlar, istər regionların sosial-iqtisadi inkişaf proqramının gerçəkləşdirilməsi - nəticə etibarilə qeyd etdiyim kimi, 2005-ci ildə mövcud bir sıra problemlərin artıq bu gün aradan qaldırıldığını təsdiqləyir və bu da seçicilərin hakimiyyət partiyası kimi Yeni Azərbaycan Partiyasına və onun irəli sürdüyü namizədlərə müsbət rəğbətini formalaşdıran ən başlıca amildir.

- Müxalifətdən olan namizədlər seçicilərlə görüşdə Yeni Azərbaycan Partiyasından olan namizədləri ölkədə aparılan bəzi quruculuq işlərindən öz təbliğat məqsədləri üçün istifadə etməkdə suçlayırlar...

- Bizim opponentlərimiz olan müxalifət nümayəndələrinin seçki taktikasında, bütövlükdə, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə kölgə salmaq meyli açıq şəkildə görünür. O cümlədən, ölkədə görülən işlərin bu və ya digər dərəcədə guya seçki kampaniyası ilə əlaqələndirilməsi və bunun da guya administrativ resurs kimi dəyərləndirilməsi cəhdləri müşahidə edilir. Yeni Azərbaycan Partiyası Azərbaycanda hakimiyyətdə olan partiyadır və təbii olaraq, Yeni Azərbaycan Partiyası seçkiyə qatılarkən hakim partiya kimi bir yandan görülən işlərlə əlaqədar hesabat verir, digər tərəfdən, görülən işlərin davamından ibarət olan öz proqramını seçicilər qarşısında izah edir. Əgər Yeni Azərbaycan Partiyası 2005-ci ildən 2010-cu ilədək olan dövr ərzində hakimiyyətin həyata keçirdiyi siyasət və onun nəticələri ilə bağlı seçiciləri qarşısında hesabat verməsəydi, bizim namizədlərimizin qarşıdan gələn Parlament seçkilərində niyə məhz onlara seçicilərin səs verməsinə izahı mümkün olan cavab tapa bilməzdilər. Biz seçicilərimizin qarşısına gedərkən və onların bizə səs verməsini əsaslandırmağa çalışarkən, hər şeydən əvvəl, ötən müddət ərzində və konkret olaraq, 2005-ci ildən sonra keçən dövr ərzində Azərbaycan iqtidarının gördüyü işləri göz önünə gətiririk. Bu, dünyanın hər yerində müşayiət olunan tam normal bir praktikadır - hakimiyyətdə olan partiya seçki kampaniyasında iştirak edərkən ötən dövr ərzində gördüyü işlərə istinad edir və bunun əsasında da növbəti dəfə yenə də məhz həmin partiyanın və onun namizədlərinin dəstəklənməsini vacib bir hadisə kimi əsaslandırmağa çalışır. Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, bu bizim opponentlərimizin və onları təmsil edən siyasi partiyaların Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının üzərinə qara yaxmaq cəhdlərindən başqa bir şey deyildir. Bizim namizədlərimiz görülən işləri öz adlarına çıxarmırlar, çıxarmaq niyyətində də deyillər. Amma bizim namizədlərin hər biri çox böyük qürur və məmnunluq hissi ilə bu işlərin Yeni Azərbaycan Partiyasının siyasi iqtidarı tərəfindən görüldüyünü vurğulayır.

- AŞ PA-nın və ATƏT-in Müşahidə Missiyasının aralıq hesabatlarında bir sıra tövsiyələr yer alıb. Hesabatlarda bildirilir ki, namizədlərə pulsuz efir vaxtı olduqca az verilib. Bundan başqa, təşviqat dövrü hakim partiya və müxalifət arasında dialoqun olmaması şəraitində keçirilir....

- Əvvəlcə onu demək istərdim ki, Yeni Azərbaycan Partiyası olaraq, biz bütövlükdə ölkəmizin istər demokratiya, istər seçki praktikası olsun, inkişafına və təkmilləşməsinə xidmət edən hər hansı bir tövsiyə olacaqsa, ona müsbət yanaşırıq. O cümlədən də qarşıdan gələn Parlament seçkiləri ilə əlaqədar beynəlxalq qurumlar tərəfindən səsləndirilən təkliflər bizim tərəfimizdən heç zaman süngü ilə qarşılanmır, biz onlara hörmətlə yanaşırıq. Onlardan həyata keçirilməsi mümkün olanlar gələcəkdə Azərbaycanda həyata keçiriləcək, qərəzli şəkildə səsləndirilən fikirlər varsa, bu cür fikirlərə diqqət yetirməyə elə bir ehtiyac yoxdur.

Təşviqat kampaniyası zamanı ayrılan pulsuz efir vaxtının az olması fikri ilə qətiyyən razılaşmadığımı bildirmək istəyirəm. Çünki İctimai Televiziya vasitəsilə seçki kampaniyasının işıqlandırılması məqsədilə ayrılan pulsuz efir vaxtı bu il bu vaxta qədər keçirilən seçkilərin hamısından əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycanda 700-dən yuxarı deputatlığa namizədin qeydə alındığı və hər birinə dörd dəqiqə ayrılması nəzərə alınsa, bu, təxminən, 50 saat edir - Azərbaycanda heç bir seçki kampaniyası zamanı 50 saat həcmində pulsuz efir vaxtı təqdim edilməyib.

Təşviqat kampaniyası zamanı ayrı-ayrı siyasi partiyaların televiziya debatlarında iştirak etməsi məsələsinə gəldikdə, hesab edirəm, bu da bir tövsiyə olsa belə, Azərbaycanın mövcud seçki praktikasının reallıqlarını düzgün əks etdirmir. Birincisi, Azərbaycanda seçki kampaniyası təkmandatlı dairələr üzrə gedir. İkincisi, Yeni Azərbaycan Partiyasından başqa, bu seçki kampaniyasına heç bir partiya bir təşkilat şəklində qoşula bilməyib. Belə olan halda, ayrı-ayrı təkmandatlı dairələr üzrə hansı namizədə üstünlük vermək sualına seçicilər yalnız konkret namizədlərin arasında aparılan debat şəklində cavab tapa bilərlər. Partiyalar arasında aparılan debatlar isə konkret dairədən irəli sürülən namizədin hansına seçicinin üstünlük verməsi problemini həll edə bilmir. Partiyalar arasında aparılan debatlar, seçki kampaniyası partiyaların iştirakı və partiya siyahıları ilə keçirildikdə, özünü doğrulda bilər. Təkmandatlı seçki sisteminin tətbiq edildiyi Azərbaycanda isə bu praktika özünü doğrultmaz - ən azından ona görə ki, belə debatlar konkret dairədən seçicilərin öz rəyinin müəyyənləşdirilməsinə hər hansı bir köməklik göstərə bilmir. Debatların hazırkı formada keçirilməsi seçicilərin öz namizədini müəyyənləşdirməklə bağlı ehtiyaclarının ödənilməsinə yönəlib.

- Bəzi namizədlər pulsuz efir vaxtından sui-istifadə hallarına yol verərək, digər namizədləri təhqir edirlər. Buna münasibətiniz və həmin şəxslərə ismarışınız...

- Mən çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda televiziya debatları intellektual bir yarış olmaqdan daha çox primitiv söz güləşdirmək və atmacalar formasında həyata keçirilir. Bu, ola bilsin, bəzi adamların tamam təsadüfən seçki kampaniyasına qoşulduğundan xəbər verir. Ölkənin Parlamentində təmsil olunmaq niyyətinli insanlar, ən azından, hər bir dairədə olan 40 min seçici qarşısında öz məsuliyyətini hiss etməlidir. Uzun müddət iş tapa bilməyən, həyatıboyu nə cəmiyyətə, nə insanlara fayda verə bilməyən insanların seçkiyə qatılmaları məsuliyyətsizlik və seçicilərə hörmətsizlikdir. Azərbaycanın ali qanunverici orqanında təmsil olunmaqdan ötrü, ən azından, 40 min nəfərin arasında rəğbət qazanaraq bu iddiaya layiq olduğunu onlara sübut etməyi bacarmalıdır - həm özünün həyat təcrübəsi, həm cəmiyyət qarşısındakı xidmətləri, həm mənəvi-əxlaqi dəyərləri və keyfiyyətləri ilə.

Xəbər lenti

Xəbər lenti