...

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən rola malikdir - politoloq

Siyasət Materials 10 Yanvar 2011 13:25 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən rola malikdir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən rola malikdir - politoloq

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Avropa Komissiyasının sədri Joze Barozzunun evinin qazla təchizi məsələsində deyil, bütün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müəyyən rola malikdir. Bunu Trend-ə bazar ertəsi Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

"Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu xeyli arta bilər. Bunun üçün Avropanın Azərbaycana, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vahid və sağlam münasibəti indiki dövrdə çox vacibdir", - Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Ermənistan "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması" terminini "DQ münaqişəsinin nizamlanmaması" mənasına gətirib.

"Əgər Avropa Komissiyası Azərbaycanla bağlı bir cür, Avropa İttifaqının prezidenti German van Rompey və xarici siyasət məsələləri üzrə ali təmsilçisi Ketrin Eşton başqa cür və ya Avropa Parlamenti üçüncü mövqe ortalığa qoyacaqsa, onda Avropanın təhlükəsizliyinin təminində iştirak etmək dolayısı ilə erməni separatizminin güclənməsində iştirak etmək mənasına gələ bilər. Doğrudanmı, avropalılar fəlsəfi-mənəvi, geosiyasi, iqtisadi və s. baxımından bu qədər zəifdirlər ki, onların taleyi DQ-də həll olunur?", - Əhmədoğlu deyib.

Onun sözlərinə görə, separatçı qurumda may ayında keçirilən parlament seçkilərində Hollandiya, Çexiya, Slovakiya, Polşadan olan seçki müşahidəçilərinin əsas şüarları Avropanın taleyinin DQ-də həll olunması ilə bağlı idi.

"Ermənistanın unikal coğrafi mövqeyi var" tezisinin tərəfdarları isə Avropanın bütün cəmiyyətlərində var. Cənubi Qafqaz regionunun küncündə yerləşmiş Ermənistanın coğrafi mövqeyi heç bir tranzit və ya kommunikativ əhəmiyyətli deyil. Belə olan halda, unikal coğrafi mövqe Ermənistanın qeyri-xristian dövlətlərinin əhatəsində olması mənasına gəlir. Sarkisyanın "Ermənistan cənubda xristianlığın son qalasıdır" tezisi belə anlamı daha da möhkəmləndirir", - Əhmədoğlu qeyd edib.

Politoloqun fikrincə, DQ ilə bağlı yalanlarının sürətinin Rusiya, ABŞ və Fransada zəifləməsini görən ermənilər indi bleflərinin real nəticə verməsi üçün Aİ-ni məkan seçiblər.

"Aİ prezidenti və xarici siyasət məsələləri üzrə ali təmsilçisi Eştonun həm də praktik dini fəaliyyətlə məşğul olması erməniləri bu istiqamətdə uğur qazanmağa daha da ruhlandırır. Qəribədir ki, Azərbaycanın enerji resurslarının Qərbə nəqlinin həm tərəfdarları, həm də əleyhdarları Azərbaycana qarşı Ermənistan adlı təzyiq alətinin güclənməsində rola malikdirlər", - Əhmədoğlu deyib.

Xəbər lenti

Xəbər lenti