...

Azərbaycan-Bolqarıstan münasibətləri zamanla ayaqlaşaraq inkişaf edir - səfir

Siyasət Materials 22 Fevral 2011 15:46 (UTC +04:00)
Azərbaycan-Bolqarıstan münasibətləri zamanla ayaqlaşaraq inkişaf edir. Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov belə hesab edir.
Azərbaycan-Bolqarıstan münasibətləri zamanla ayaqlaşaraq inkişaf edir - səfir

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-Bolqarıstan münasibətləri zamanla ayaqlaşaraq inkişaf edir. Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov belə hesab edir.

"Azərbaycan və Bolqarıstan dost ölkələrdir, dövlətlərimiz arasında tarixən yaxşı münasibətlər olub. Ən başlıcası bu əlaqələri inkişaf etdirməkdir", - səfir çərşənbə axşamı Trend-ə Bolqarıstanın azad edilməsi gününə həsr edilən müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkələr arasında, o cümlədən dövlət rəhbərləri arasında sıx dialoq var.

"Bolqarıstan və Azərbaycanı təkcə ikitərəfli münasibətlərin yaxşı tarixi birləşdirmir, biz Avropa İttifaqı üzrə də tərəfdaşıq. Azərbaycan Avropa cəmiyyətinin böyük dostudur, ölkə "Şərq tərəfdaşlığı" proqramında iştirak edir və Bolqarıstan onun Avropa İttifaqına inteqrasiyasını dəstəkləməyə hazırdır", - səfir bildirib.

Ötən ilin mayında Azərbaycan və Aİ arasında münasibətlər yeni mərhələyə - Polşa və İsveçin təşəbbüsü ilə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlığa qədəm qoyub.
"Şərq tərəfdaşlığı" layihəsi postsovet məkanının altı ölkəsinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun Avropa İttifaqı ilə siyasi və iqtisadi yaxınlaşmasına yönəldilib.

Proqram Aİ-yə üzvlük imkanlarını nəzərdə tutmasa da, viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonasına girişə imkan yaradır. Həmçinin, tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təminatı üzrə kiçik layihələr həyata keçiriləcək.

İkitərəfli əməkdaşlıq

Bolqarıstan səfirinin qeyd etdiyinə görə, iki ölkə arasında münasibətlər sürətlə inkişaf edir. "Hesab edirəm ki, yaxın illərdə iki ölkə turizm sahəsində də fəal əməkdaşlıq edəcək. Bolqarıstan turizm ölkəsidir və ölkələrimizin turizm sənayesində əməkdaşlıq sahəsində yaxşı gələcəyi var", - diplomat vurğulayıb.

"İki ölkənin əməkdaşlığı üçün digər perspektivli sahə təhsil ola bilər", - o hesab edir.

Onun sözlərinə görə, Bolqarıstanda iqtisadi ixtisaslı çoxlu universitetlər, eləcə də Azərbaycan tələbələrini qəbul etməyə hazır olan dini seminariyalar fəaliyyət göstərir.

Kalinovun sözlərinə görə, mədəniyyət sahəsi iki ölkənin əməkdaşlığında xüsusi yer tutur.

"Bolqarıstan Azərbaycanla bu sahədə əməkdaşlığın inkişafında maraqlıdır və apreldə Bolqarıstanın mədəniyyət naziri mədəniyyətlərarsı dialoq üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana səfər etməyi planlaşdırır. Səfər çərçivəsində iki ölkənin Mədəniyyət nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir", - diplomat qeyd edib.

Müqavilə-hüquq bazası

Səfirin sözlərinə görə, iki ölkə arasında zamanın tələbinə uyğun mütəmadi olaraq yenilənən, iki ölkənin əməkdaşlığının hüquqi aspektlərini tənzimləyən yaxşı müqavilə-hüquq bazası yaradılıb.

Onun sözlərinə görə, hazırda təhsil, nəqliyyat, mədəniyyət, fövqəladə hallar sahələrində əməkdaşlığa dair sazişlərin layihələri üzərində iş gedir.

"Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov yaxın vaxtlarda Bolqarıstana səfər edəcək. Səfər çərçivəsində bu sahədə əməkdaşlığa dair saziş imzalanacaq", - Kalinov qeyd edib.

Bolqarıstanın azad olunması günü

"Martın 3-ü - Bolqarıstanın azad olunması günü Osmanlı İmperiyasının tərkibində beşəsrlik köləlikdən sonra dövlətin dirçəliş günüdür", - səfir bildirib.

"Bu gün biz dövlətin dirçəliş gününü və Avropa xəritəsində yeni suveren və müstəqil dövlətin əmələ gəlməsini qeyd edirik", - Kalinov qeyd edib.

Diplomat bildirib ki, artıq 134 ildir Bolqarıstan müstəqil dövlətdir. "Hazırda ölkə Avropa cəmiyyətinin və Avropa İttifaqının üzvü olmaqla, hüquqi demokratik dövlət qurur", - Kalinov əlavə edib.

Xəbər lenti

Xəbər lenti