...

Azərbaycanlı diplomat Kaliforniya universitetində çıxış edib

Siyasət Materials 2 Mart 2011 11:52 (UTC +04:00)
Azərbaycanlı diplomat Kaliforniya universitetində çıxış edib. Bu barədə Trend-ə Los-Ancelesdəki Baş konsulluqdan məlumat verilib.
Azərbaycanlı diplomat Kaliforniya universitetində çıxış edib

Azərbaycan, Bakı, 2 mart /Trend/

Azərbaycanlı diplomat Kaliforniya universitetində çıxış edib. Bu barədə Trend-ə Los-Ancelesdəki Baş konsulluqdan məlumat verilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov ABŞ-ın Kaliforniya ştatındakı Klaremont Universitetinin (Claremont Graduate University) müəllimləri və aspirantları qarşısında çıxış edib. Azərbaycanlı diplomat "Avrasiya regionunda inkişaf dinamikası" mövzusundakı çıxışı zamanı müstəqil Azərbaycan Respublikasının SSRİ-nin süqutundan sonrakı iyirmi il ərzində keçdiyi yol və regional inteqrasiya proseslərindən danışıb. Bütün regionun rifahının artmasına yardım edən qarşılıqlı faydalı, bərabərhüquqlu tərəfdaşlığa nümunə kimi Azərbaycanın Gürcüstan və Türkiyə ilə strateji münasibətləri göstərilib. 90-cı illərdə prezident Klinton administrasiyasının yürütdüyü məqsədyönlü siyasətin Vaşinqtonun tərəfdaş ölkələrlə münasibətlərinin genişlənməsinə kömək etdiyi və ABŞ-ın regiondakı mövqeyini möhkəmləndirdiyi qeyd olunub. Ən parlaq nümunə həmin dövrdəki ən əhəmiyyətli regional inteqrasiya layihəsi olan Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Daha doğrusu, Vaşinqton tərəfdən uzunmüddətli, strateji yanaşma həm regionun, həm də ABŞ-ın öz maraqlarına xidmət edir.

Diplomatın fikrincə, həll olunmamış münaqişələr regionun təhlükəsizliyi üçün əsas qorxu yaratmaqda davam edir və onun potensialından tam istifadəyə mane olur. Təəssüf ki, rəsmi Yerevan Ermənistanın regiona inteqrasiyasına yardım etmək əvəzinə uzağı görməyən özünütəcrid siyasətini davam etdirir və bununla da ilk növbədə, öz ölkəsinin inkişafına ziyan vurur. Ona görə də yaxın gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında real dəstəyə nail olmaq üzrə daha dəqiq və intensiv səylər ümumilikdə Minsk qrupu həmsədri olan ölkələrin, eləcə də ABŞ-ın siyasətinin nisbətən daha prioritet elementi olmalıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Çıxış universitetdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə baş tutub.

Xəbər lenti

Xəbər lenti