...

Daxili Qoşunlar Azərbaycanda sabitlik və müstəqilliyin qorunmasında fədakarlıq göstərir - nazir Ramil Usubov

Siyasət Materials 12 Mart 2011 11:46 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Daxili Qoşunların yüksək peşəkar, mənəvi-psixoloji hazırlığı olan quruma çevrildiyini bildirib.
Daxili Qoşunlar Azərbaycanda sabitlik və müstəqilliyin qorunmasında fədakarlıq göstərir - nazir Ramil Usubov

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri Ramil Usubov Daxili Qoşunların yüksək peşəkar, mənəvi-psixoloji hazırlığı olan quruma çevrildiyini bildirib.

"Daxili Qoşunlar qısa zamanda çox fədakar yol keçib, Vətənin qorunmasında yüzlərlə şəhid verib. Müharibədən sonrakı mərhələdə isə Azərbaycanda sabitlik və müstəqilliyin qorunmasında fədakarlıq göstərib. Daxili sabitliyin pozulması cəhdlərinin qarşısının alınmasında töhfələrini verib", Trend-in məlumatına görə, bunu şənbə günü Daxili Qoşunların yaradılmasının 19-cu ildönümü ilə bağlı N saylı hərbi hissədə keçirilən bayram tədbirində çıxışı zamanı daxili işlər naziri Ramil Usubov bildirib.

Usubov deyib ki, Daxili Qoşunların şəxsi heyəti dövlətçiliyə sədaqət nümayiş etdirib.

"Əsas amalı dövlət və xalqa xidmət olub. Ölkədə daxili sabitliyi qoruyan əsas qurumlardan biridir. Ən müasir silah və müdafiə vasitələri ilə təchiz olunub. İnanıram ki, bundan sonra da Daxili Qoşunlar qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək", - nazir əlavə edib.

Usubov Daxili Qoşunların bugünkü səviyyəyə çatdırılmasında Tükiyə Jandarm Komandanlığının böyük xidmətləri olduğunu və bundan sonra da bu istiqamətdə öz töhfələrini verəcəyinə inandığını deyib.

Daxili Qoşunların komandanı Zakir Həsənov isə çıxışında deyib ki, Daxili Qoşunlar Azərbaycanın dövlət quruculuğunda mühüm bir qurumdur.

"Daxili Qoşunlar ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı, söz və əməl vəhdəti nəticəsində formalaşmış, inkişaf etmiş, yüksək döyüş hazırlığına malik bir quruma çevrilib. Bu gün Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son 5-6 il sıçrayış dövrü kimi xarakterizə olunur. Bunu Daxili Qoşunların yüksək döyüş hazırlığı, maddi-texniki və sosial təminatı ilə yaxından tanış olan xaricdən gəlmiş peşəkar hərbçilər, mütəxəssislər, yüksək rütbəli zabitlər, generallar da qeyd ediblər", - Həsənov bildirib.

Həsənovun sözlərinə görə, döyüş hazırlığının yüksək səviyyədə saxlanması daima Daxili İşlər Nazirinin, eləcə də komandanlığın nəzarətindədir.

"İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də xüsusi əməliyyatlarda şəxsi heyət müsbət nəticələr əldə edir. Əlbəttə ki, bu uğurların arxasında böyük zəhmət, təlimlər, səhra çıxışları dayanır", - DQ komandanı bildirib.

Tədbirdə nazir Ramil Usubovun əmri ilə bir qrup zabitə hərbi rütbələr verilib. Daxili Qoşunların komandanı Zakir Həsənovun əmri ilə bir qrup zabit döş nişanları ilə mükafatlandırılıb.

DQ şəxsi heyətinin təntənəli keçidi olub.

Tədbirdə DQ zabitləri nümunəvi çıxışlar göstərib. DQ əsgərlərinin sosial-məişət vəziyyəti ilə tanış olunub.

Xəbər lenti

Xəbər lenti