Azərbaycan, Bakı, 20 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın bir neçə siyasi partiyası "Yeni İslahatçılar Hərəkatı" (YİH) adlı qurum yaradıb. Trend-in məlumatına görə, birliyi təsis edən Azad Respublikaçılar (AAP), Demokratik Azərbaycan Dünyası (DADP), Azərbaycan Mübarizlər (AMP), Azərbaycan Milli Dövlətçilik (AMDP) və Azərbaycan Respublikaçılar (ARP) partiyalarının sədrləri birliyin təsis olunması ilə bağlı mətbuat konfransı keçiriblər.
DADP sədri Məmməd Əlizadə qeyd edib ki, qurumun yaradılmasında əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar siyasətinə dəstək olmaqdır.
"Bu məqsədlə YİH-in Bakı, Göyçay və Şamaxıda komitələri yaradılıb. Respublika üzrə 7 komitənin yaradılması nəzərdə tutulur. Çalışacağıq ki, Azərbaycanın ən ucqar dağ kəndində də fəaliyyət göstərə bilək", - Əlizadə əlavə edib.
Mətbuat konfransında çıxış edən AMDP sədri Sabir Tarıverdiyev ölkədə sadə vətəndaşların gündəlik problemlərindən bəhs edib. O qeyd edib ki, siyasi partiyaların yeni birliyi həmin problemlərin həll olunması istiqamətində dövlətə kömək göstərəcək.
Tədbirdə bildirilib ki, YİH-in regional komitələri cəmiyyətin problemləri ilə bağlı araşdırmalar aparacaq və həmin araşdırmaların nəticələri ictimaiyyətə və dövlətə təqdim olunacaq.