...

Rusiya və ABŞ-dakı ermənilər fəaliyyətlərini koordinasiya edirlər - azərbaycanlı politoloq

Siyasət Materials 18 İyul 2011 12:14 (UTC +04:00)
Rusiyanın daxilindəki ermənilərlə ABŞ-dakı ermənilər fəaliyyətlərini koordinasiya edirlər.
Rusiya və ABŞ-dakı ermənilər fəaliyyətlərini koordinasiya edirlər - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Rusiyanın daxilindəki ermənilərlə ABŞ-dakı ermənilər fəaliyyətlərini koordinasiya edirlər. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Rusiyanın Kazan şəhərində keçirilən prezidentlərin görüşündən sonra ermənilər Moskvada müəmmalı fəallıqlarını daha da artırıblar.

"Cavaxetiya ermənilərinin təşkilatı Rusiyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçirildi və Cavaxetiya ermənilərinin idarəçiliyi Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayana tapşırıldı. Bu, əsl erməni hiyləgərliyidir. Guya rəsmi Yerevan rəsmi Tbilisinin işinə qarışmır, başqa sözlə, Cavaxetiya ermənilərinin problemləri ilə rəsmi Yerevan məşğul olmur, Moskva məşğul olur", - politoloq bildirib.

Əhmədoğlu deyib ki, ermənilərin xeyrinə bəyanat vermiş yüksək rütbəli rus hərbçisi, Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının rəis müavini general-leytenant Andrey Tretyak istefaya göndərilmədi.

"Bunlar ermənilərin üzdə olan fəaliyyətləridir, arxadakı fəaliyyətlərinin sayını bilmirik. Bir neçə erməninin son günlər Dmitri Medvedev tərəfindən müxtəlif postlara təyin olunması da unudulmamalıdır. Bu hadisələrin iflasa uğramış Kazan görüşündən dərhal sonra baş verməsi iki ehtimala şərait yaradır: birincisi, təkcə ABŞ və Fransa deyil, həm də Dmitri Medvedevin timsalında RF də Kazanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə baza prinsiplərinin imzalanmamasında maraqlı olub. Ona görə də Kazan görüşündən sonra belə vəziyyət yarandı. İkincisi, ermənilər ABŞ və Fransa ilə birləşib Kazan görüşünü iflasa uğradarkən Medvedevin "müqavimət göstərməyəcəyinə" əmin imişlər. Görünür, Mixail Qorbaçovun dövründə olduğu kimi, Rusiyanın daxilindəki ermənilərlə ABŞ-dakı ermənilər fəaliyyətlərini koordinasiya edirlər", - politoloq qeyd edib.

O qeyd edib ki, Kremldəki ermənilər və ermənipərəstlər Rusiyada normal islahatçılığa imkan verməyəcəklər. "Qorbaçov da islahat keçirmək istəyən kimi, ermənilər bu islahatları öz maraqlarına yönəltdilər və beləliklə, SSRİ dağıldı. İndi də Medvedevin islahat cəhdləri göz qabağındadır. Amma, eyni zamanda, ermənilər də onun lap yaxın ətrafındadırlar. Medvedevin ermənilərlə tandeminin ömrü uzanarsa, Rusiyanın dağılmasından da danışmaq olar", - o deyib.

Mərkəzin rəhbəri bildirib ki, informasiya müharibəsində elə şeylər var ki, ermənilər onu Azərbaycanla əlaqələndirə bilər. "Amma özünü Rusiyanın strateji müttəfiqi kimi təqdim edən Ermənistanın NATO ilə strateji əməkdaşlıq haqqında müqavilə bağlamasını və ya Türkiyəyə tərəf qaçmasını, yaxud rus dilini təhqir etməsini Azərbaycanla bağlamaq heç cür mümkün deyil. Yəni doğrudanmı Azərbaycanın Ermənistan üzərində təsiri bu qədər böyükdür?! Müstəqil Ermənistanın birinci və üçüncü prezidentləri ermənilərin Dağlıq Qarabağ problemi adı ilə SSRİ-nin dağılmasında iştiraklarını bu yaxınlarda etiraf etdilər. Çar Rusiyası qarşısında ermənilərin xidməti Türkiyədə və İranda donosçuluq olub. Bunun müqabilində Rusiya erməniləri Qafqazda, o cümlədən Dağlıq Qarabağda məskunlaşdırdı. Rus imperiyası güclənən imperiya idi. Ermənilərin mövcudluğundan asılı olmayaraq, Rusiya imperiyası o dövrdə inkişaf edəcəkdi. Ən azı Rusiya təkcə cənuba tərəf deyil, həm Qərbə, həm də Şərqə doğru böyümüşdü. O yerlərdə ermənilər olmayıb", - politoloq qeyd edib.

Əhmədoğlu hesab edir ki, ermənilər Dmitri Medvedevin azərbaycanpərəst, Vladimir Putinin isə ermənipərəst olması barədə məlumatları da bundan ötrü yayıblar. "Medvedevin şəxsi xarakterinə hesablanmış ermənilərin bu addımı özləri üçün uğurlu oldu. Payızda və yazda keçirilən parlament və prezident seçkilərində ermənilər Medvedevi dəstəkləyəcək, Putinin əleyhinə işləyəcəklər. Bundan sonra Fransada, daha sonra isə ABŞ-da seçkilər gəlir. Təxminən il yarım ərzində ermənilər seçki adı ilə Medvedevə, Sarkoziyə və Obamaya istifadə üçün yararlı olacaqlar", - o deyib.

Politoloq qeyd edib ki, ermənilərin unutduğu bir məsələ var: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycan yalnız özünə güvənir. "İndi vasitəçilik edən bu üç dövlət vaxtilə Ermənistanın Azərbaycana qarşı vuruşması üçün xeyli resurs yaradıblar. Dağlıq Qarabağ münaqişəsinin "startı" verilərkən ermənilər Azərbaycana nisbətən dəfələrlə böyük geosiyasi, maliyyə və hərbi resurslara malik idilər. İndi isə Ermənistanla Azərbaycan mövqelərini dəyişiblər", - o deyib.

Xəbər lenti

Xəbər lenti