...

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Siyasət Materials 18 Oktyabr 2011 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dağlıq Qarabağ münaqişəsi çox ağır nəticələr, fəsadlar törədib. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı problemin sülh yolu və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində qurumun Baş katibi Çunq Eu Yonq deyib.

"Biz münaqişədən kədərlənirik, təəssüflənirik. Eyni zamanda, bu münaqişənin tez bir zamanda həllini arzulayırıq. Çünki istənilən halda münaqişələrin həll edilməmiş qalması gələcəkdə daha böyük təhlükələrə yol aça bilər", - Yonq bildirib.

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Baş katibi, təşkilatın Daimi Komitəsinin həmsədri Çunq Eu Yonq Bakıda rəsmi səfərdədir.

ASP BK-da 50-ə yaxın ölkənin 350-dən artıq partiyası təmsil olunur. YAP-ın sədr müavini Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin 18 nəfərlik idarə heyətinin üzvüdür.

Daimi Komitə 2012-ci ildə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərar qəbul edib.

Onun sözlərinə görə, səfərin məqsədi də Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə Baş Assambleyaya hazırlıq işləri ilə bağlı müzakirələr aparmaqdır. "Bu məqsədlə də partiya rəhbərliyi ilə görüşlərimiz oldu və hesab edirəm ki, bu görüşləri kifayət qədər məhsuldar saymaq olar", - Yonq deyib.

O bildirib ki, son iki ildə YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının bütün tədbirlərində fəal iştirak edib.

"Asiya qitəsinin məhz bu bölgəsində fəaliyyətimiz elə də fəal olmadığı üçün qərara gəldik ki, Azərbaycan dövlətinin və rəhbərliyinin də razılığı ilə Baş Assambleyanın iclasını məhz Bakıda keçirək. Biz Yeni Azərbaycan Partiyası ilə münasibətləri yüksək qiymətləndiririk. Düşünürəm ki, əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək. Xüsusilə, gələn il Baş Assambleyanın Bakıda keçiriləcək VII islasından sonra bu iki siyasi qurum arasında münasibətlər yeni inkişaf dinamikası qazanacaq", - Yonq qeyd edib.

O bildirib ki, Azərbaycan xalqı çox zəngin və böyük tarixə malik mədəniyyətə sahibdir.

"Sizin mədəniyyənizə, mədəni dəyərlərinizə belə yüksək səviyyədə sahib çıxmağınız, onu qorumağınız təqdirəlayiqdir. Azərbaycan mədəniyyəti məni heyran etdi. Mən dünən ilk dəfə Azərbaycan muğamına qulaq asdım. Muğam çox ecazkar, insanı heyrətləndirən bir qüdrətə sahibdir. Mən onun sözlərini başa düşməsəm də, musiqinin ahəngdarlığı, ecazkarlığı məni çox heyran etdi. Onu da deyim ki, muğam bizim cann adlı musiqimizə çox yaxındır. Gələcəkdə istərdim ki, muğamla cannın birgə səsləndiyi konsert təşkil edək", - Çunq Eu Yonq deyib.

Xəbər lenti

Xəbər lenti