...

Ariel Koen: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi Azərbaycan diplomatiyasının uğurudur

Siyasət Materials 25 Oktyabr 2011 11:33 (UTC +04:00)
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi yenidən müstəqillik əldə edən və Şərqlə Qərb, Şimalla Cənub arasında körpünün unikal nümunəsi olan ölkənin layiqincə tanınmasıdır.
Ariel Koen: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi Azərbaycan diplomatiyasının uğurudur

Azərbaycan, Bakı, 25 oktyabr / Trend müxbir E.Tariverdiyeva /

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi yenidən müstəqillik əldə edən və Şərqlə Qərb, Şimalla Cənub arasında körpünün unikal nümunəsi olan ölkənin layiqincə tanınmasıdır. Trend-in Ekspert Şurasının üzvü, Rusiya, Avrasiya problemləri və beynəlxalq energetika siyasəti üzrə "İrs" Fondunun aparıcı eksperti Ariel Koen bildirib.

"Azərbaycan indi müharibələrin qarşısının alınması və sülhün təmin olunması məsələlərinə töhfə verməklə daha çox tanına biləcək ölkədir", - Koen deyib.

Ekspert bildirib ki, bütün çətinliklərə baxmayaraq, səsvermədə əldə olunan qələbə başda xarici işlər naziri Elmar Məmmədyarov olmaqla, Azərbaycanın diplomatik komandasının böyük uğurudur.

"Azərbaycan diplomatiyası sərt mübarizədə yeni inkişaf səviyyəsinə çatdığını nümayiş etdirdi", - Koen deyib.

Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Səsvermənin axırıncı mərhələsindən əvvəl Sloveniyanın xarici işlər naziri Samuel Zboqar öz ölkəsinin namizədliyini geri götürdüyünü bildirib. Bundan əvvəl baş tutan səsvermə mərhələsində Azərbaycan 116, Sloveniya isə ancaq 77 səs toplayıb.

Axırıncı mərhələdə Azərbaycan lehinə 155 ölkə səs verib, 24 ölkə bitərəf qalıb və daha 13 ölkə yenə də Sloveniyaya səs verib.

Bundan daha əvvəl keçirilən altı səsvermə mərhələsinin hər birində Azərbaycan Sloveniyadan çox səs toplamışdı, lakin seçilmək üçün tələb olunan 129 səsi yığa bilməmişdi.

Bazar ertəsi Nyu Yorkda, BMT-nin mənzil-qərargahında Şərqi Avropa qrupundan Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə seçkilər davam edib.

Azərbaycan Sloveniya ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz namizədliyini irəli sürüb.

BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, Baş Assambleya Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin saxlanması və təşkilatın digər məqsədlərinə nail olunmasında iştirak dərəcəsinə diqqət ayırır.

Xəbər lenti

Xəbər lenti