...

Azərbaycanın nümayəndə heyəti Fransada beynəlxalq konqresdə iştirak edib (FOTO)

Siyasət Materials 31 Oktyabr 2011 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr

17-19 oktyabrda Fransanın Tunellər və Yeraltı sahə üzrə Cəmiyyəti (AFTES) tərəfindən Lion şəhərində təşkil edilmiş nəqliyyat, yeraltı sahə və tunellər mövzusunda Beynəlxalq Konqresdə "Azərtunel Metrotikinti" Səhmdar Cəmiyyətinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak etmişdir və tədbirdə Azərbaycan-Fransa Ticarət Palatası da təmsil edilmişdir. Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan sözügedən tədbirdə fəxri qonaq qismində iştirak etmişdir.

Tədbir çərçivəsində Azərbaycan Tunellər Assosiasiyasının rəhbəri, "Azərtunel Metrotikinti" Səhmdar Cəmiyyətinin sədri Şaiq Əfəndiyevlə Fransanın Tunellər və Yeraltı sahə üzrə Cəmiyyətinin prezidenti Alan Balan arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanmışdır. Bununla yanaşı, 2012-ci ilin sentyabr ayında analoji Beynəlxalq Konqresin Bakı şəhərində təşkil edilməsi ilə bağlı tərəflər arasından tərəfdaşlıq protokolu imzalanmışdır.

Səfər çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Nərgiz Abdullayeva və universitetin professorları Fransada yerləşən yol infrastrukturunun inşaatı və memarlıq üzrə ixtisaslaşan bəzi universitetlərdə görüşlər keçirmiş və əməkdaşlığın konkret istiqamətlərini müzakirə etmişlər.

Azərbaycan nümayəndə heyəti Konqres çərçivəsində təşkil edilmiş müvafiq sərgidə də iştirak etmiş və bir sıra xarici şirkətlərin, o cümlədən fransız şirkətlərinin tunel və yol infrastrukturunun tikintisi təcrübələri ilə tanış olmuşdur. Eyni zamanda, tədbir çərçivəsində Lion şəhərinin regionun və şəhərin rəhbərliyi ilə də görüş keçirilmiş və Azərbaycan haqqında qarşı tərəfə ətraflı məlumat verilmişdir.

Səfərin sonunda nümayəndə heyəti Fransanın nəqliyyat naziri Tiyeri Mariani ilə görüşmüş və görüş zamanı Azərbaycanla Fransa arasında mövcud olan yüksək səviyyəli siyasi və iqtisadi əməkdaşlıqdan bəhs edilmişdir. Fransa Prezidentinin 7 oktyabr 2011-ci il tarixində Azərbaycana səfərindən sonra bu əməkdaşlığın daha da yüksək templə inkişaf edəcəyinə dair ümid bildirilmişdir. Azərbaycanda reallaşdırılan nəqliyyat infrastrukturu layihələrində, o cümlədən Bakı şəhərində metro və tunel, Gəncə şəhərində tramvay və Bakı-Sumqayıt arasında yerüstü qatar tikintisi, həmçinin dəmir yolu və avtomobil yollarının inkişafı layihələrində fransız şirkətlərinin iştirakı üçün Fransa tərəfinin böyük marağının olması bir daha vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti