Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir S.Ağayeva/
Bakıda noyabrın 3-4-də Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib.
Trend-in cümə günü XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Mehriban Nəcəfova, Gürcüstan nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Qioqri Tabatadze başçılıq ediblər.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, xüsusilə, cari il ərzində Gürcüstanın yüksəksəviyyəli rəsmi şəxslərinin ölkəmizə rəsmi səfəri, eləcə də ölkələrimiz arasında mövcud hökumətlərarası komissiyanın növbəti görüşü nəticəsində əldə olunmuş uğurlar, konsulluq sahəsi üzrə əməkdaşlığın inkişafı kimi məsələlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyini qeyd ediblər.
Məsləhətləşmələr zamanı Azərbaycanda və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının hüquqi vəziyyəti, Azərbaycan ilə Gürcüstan arasında bağlanmış mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyəti, hər iki ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu, miqrasiya proseslərini tənzimləyən qanunvericilik aktları və onlara edilmiş son dəyişikliklər haqqında məlumat mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycanda və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının qarşılaşdıqları çətinliklər və onların həlli yolları, ikili vətəndaşlıq və vətəndaşsızlıq hallarının aradan qaldırılması, Azərbaycanın və Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən, tərəflərin vətəndaşı olan məhkumların verilməsi, onlara hüquqi yardımın göstərilməsi istiqamətində əməkdaşlıq kimi vacib məsələlər müzakirə edilib.
Tərəflər məsləhətləşmələr zamanı, həmçinin konsulluq əməliyyatlarının aparılması, eləcə də biometrik identifikasiya tələblərinə uyğun sənədlərin istehsalı sahəsində təcrübə mübadiləsinin aparılması istiqamətində razılığa gəliblər.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinin tərkibində - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Gürcüstan nümayəndə heyətinin tərkibində isə - Gürcüstanın Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirliklərinin, eləcə də Gürcüstanın Bakıdakı səfirliyinin əməkdaşları iştirak edib və müzakirə olunan məsələlərə dair fikir mübadiləsi aparıblar.
Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.