Noyabrın 16-da Prezident İlham Əliyev Qax şəhərindəki "İçəribazar" qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bildirildi ki, Qaxda XVI əsrdən mövcud olan "İçəribazar" qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində hazırda ölkəmizin bütün bölgələrində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra "İçəribazar" qala kompleksi müasir və füsunkar görkəm almışdır. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri də nümayiş etdirir.
Buradakı qədim eksponatlar - araba, xanımların istifadə etdikləri müxtəlif əşyalar, xalçalar və digər məhsullar göz oxşayır. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, təbii daşlar buraya turistləri daha çox cəlb edir. Mükəmməl layihə əsasında açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa olunmuş və İşəribazar küçəsi yenidən qurulmuşdur. Kompleksdəki 4,4 min kvadratmetr sahədə düzülən sərbənd daşlar bu ərazinin görkəminin rəngarəngliyinə əlavə çalarlar qatmışdır. Ərazidə 225 metr uzunluğunda su arxı da yenidən qurulmuşdur.
Dövlətimizin başçısı kompleksin əvvəlki və yeni görüntülərini əks etdirən fotolara baxdı.
Kompleksin ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanılmış və qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılmışdır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, kompleksin ətrafla ümumi ansambl təşkil etməsi və uzlaşdırılması diqqət mərkəzində saxlanılmışdır.
İçəribazar küçəsindəki fərdi evlərin dam örtükləri yenilənmiş, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər və digər hissələr taxta materialdan yüksək zövqlə yenidən işlənmişdir.
Bildirildi ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşmişdir. 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə burada olmuşlar. Milli memarlıq üslubunda çapma daş və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır.
Qalanın giriş və çıxış qapıları da ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Kompleksdə yerli əhalinin, turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazisində yaşıllıq zolağının da salındığı kompleksin işıqlandırma sistemi dizaynı və mükəmməlliyi ilə diqqəti cəlb edir. Buradakı teatrın səhnəsində orijinal işıqlandırma sistemi quraşdırılmışdır.
Kompleksə xüsusi gözəllik verən Nəsimi parkı yenidən qurulmuşdur. İçəribazar küçəsinin içməli su və qaz xətləri də yenilənmişdir. Bir sözlə, əsaslı tikinti və yenidənqurmadan sonra "İçəribazar" qala kompleksi görkəmini tamamilə dəyişmiş və ölkəmizin ən gözəl istirahət məkanlarından birinə çevrilmişdir.
Azərbaycan Prezidenti Qaxın baş planını, şəhərin qədim hissəsinin bərpasını, perspektiv planını və yeni küçələrin abadlaşdırılmasını əks etdirən stendlərə baxdı.
Sonra dövlətimizin başçısı "İçəribazar" qala kompleksində fəaliyyət göstərən tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı və təndirxana otaqları ilə tanış oldu.
Prezident İlham Əliyev Qax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon sakini, 2 nömrəli orta məktəb-liseyin müəllimi Nazlı İsmayılova Qaxa göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı qaxlı musiqiçilərin ifasını dinlədi.