...

Ermənistan öz arxivlərini açmalıdır – türk nazir

Siyasət Materials 9 Yanvar 2012 16:39 (UTC +04:00)
Türkiyə öz tarixindən qorxmur və müzakirələrə başlamağa hazırdır, lakin bunun üçün Ermənistan öz arxivlərini açmalıdır.
Ermənistan öz arxivlərini açmalıdır – türk nazir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə öz tarixindən qorxmur və müzakirələrə başlamağa hazırdır, lakin bunun üçün Ermənistan öz arxivlərini açmalıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin Aİ ilə münasibətlər üzrə naziri Egemen Baxış bildirib. Məlumatı TRT Haber telekanalı yayıb.

"Türkiyə Ermənistanı həmişə öz tarixi arxivlərini açmağa çağırıb. Ermənistan və Türkiyə ilə yanaşı, bu məsələdə Türkiyənin mövqeyi ilə razı olan və razı olmayan başqa ölkələr də öz arxivlərini açmalıdırlar", - nazir deyib.

Fransa Prezidenti Nikola Sarkozinin qondarma "erməni soyqırımı" haqqında qanunun kriminallaşdırılması haqqında qanun layihəsinin digər Avropa ölkələrində yayılmasına dair kampaniyaya başlamaq niyyəti ilə bağlı qərarını şərh edən Baxış Sarkozinin bu qərarının Aİ ölkələrində ciddi qəbul edilməyəcəyinə əminliyini ifadə edib.

Fransa parlamentinin aşağı palatası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsi olub.

Fransa parlamentinin bu qərarına cavab olaraq, Ankara Parisə qarşı sanksiyalar tətbiq edib və öz səfirini Fransadan geri çağırıb.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti